“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edilən əmlak həm də dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə (balansına, istifadəsinə) veriləcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər Nazirlər Kabineti “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək əmlakın “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (“ASK” ASC) mülkiyyətinə (balansına) verilməsini təmin etməli idi. Dəyişikliyə əsasən, Nazirlər Kabineti “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək əmlakın “ASK” ASC-nin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsini təmin etməlidir.
“Aqrarkredit” QSC-yə də mülkiyyətindəki (balansındakı) əmlakın “ASK” ASC-ilə bərabər müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsinin təmin olunması ilə bağlı tədbirlər görmək tapşırılıb.