Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankı 2017-ci il 806 milyon manat xalis mənfəət ilə başa vurub.
FED.az xəbər verir ki, ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov, beynəlxalq hesabatda xalis mənfəətin azalacağını bildirib:
"Bir məsələni aydınlaşdırım: bizim hesabatımızda göstərdiyimiz mənfəətimiz, əslində, yerli standartlar əsasında formalaşıb. İndi beynəlxalq standartlar əsasında hesabatımızın hazırlanmasına başlanıb. Ola bilsin ki, beynəlxalq hesabatda mənfəətin bir hissəsi gəlir və xərc vasitəsilə deyil, əlavə olunmuş kapital kimi qəbul ediləcək.
Yəni, bizim daxili hesabatlılıq standartları əsasında elan etdiyimiz mənfəət, əslində, bankın kapitallaşdırılması üçün nəzərdə tutulan hərəkətlərin: dövlət tərəfindən dəstəyin (toksik aktivlərin ötürülməsinin, xarici öhdəliklərin restrukturizasiyasının), bankın əməliyyat fəaliyyətinin - çünki bankın kifayət qədər yaxşı, sağlam biznesi də var ki, müəyyən gəlirlər gətirir – bankın kapitallaşması üçün edilən addımların nəticəsidir".
Xalid Əhədov əlavə edib ki, builki mənfəət bankın tələb olunan kapitala malik olması, özəlləşdirməyə hazırlığı üçün atılan addımlar əsasında formalaşıb: "Bildiyiniz kimi, özəlləşdirmə zamanı investorları cəlb edən amillərdən biri də özəlləşdirmə obyekti olan bankın nə dərəcədə güclü kapital mövqeyinin olmasıdır. Çünki təzə investor gələndə nələrə fikir verir? Fikirləşir ki, müəyyən oturuşmuş, rəqabətli bazardır, mən burada hansısa hərəkətlər etməliyəm. Daha çox risk götürməliyəmmi, yaxud şəbəkəni genişləndirməliyəmmi və ya investisiyalar etməliyəm?! Ona görə də, özəlləşdirməyə gedən bankın kapital mövqeyi güclü olmalıdır ki, investorları cəlb eləsin. Hökumətin apardığı tədbirlər çərçivəsində bankın güclü kapital mövqeyi həm bir növ özəlləşdirmə ərəfəsindəki məsələlər üçündür, həm də əvvəlki illərdə bankın külli-miqdarda itirdiyi kapital mövqeyinin bərpasına xidmət edir.