Torpaqlarımızın işğaldan azad edilməsi üçün Ermənistan silahlı birləşmələrinə qarşı rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı daha bir addım atıb. Çoxsaylı vətəndaşlarımızın bu günlərdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürmək üçün kütləvi müraciətlərini nəzərə alaraq Bank bu köçürmələri onlayn qaydada aparmaq imkanı yaradıb.
Belə ki, Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələri indi Azərbaycan Beynəlxalq Bankının bu xidməti üzərindən yerinə yetirmək olar. Ölkənin ən böyük kommersiya qurumlarından olaraq Azərbaycan Beynəlxalq Bankı özü də dünən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirilib: “Bütün mənəvi və maddi dəstəyimizlə qəhrəman hərbçilərimizin yanındayıq. Bu günlərdə torpaqlarımızın azadlığı uğrunda ordumuzun sıralarına qoşulanlar arasında Bankımızın çoxsaylı əməkdaşları da var. Hər gün yüzlərlə vətəndaş Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməkdən ötrü Azərbaycan Beynəlxalq Bankının filiallarına müraciət edir. Bunun özü də cəmiyyətimizdəki qələbə ruhunun bir göstəricisidir. Biz isə Fonda vəsaitlərin köçürülməsi prosesini asanlaşdırmaqdan ötrü onlayn həllərimizi vətəndaşlarımızın istifadəsinə verdik. Bu tarixi günlərdə ordumuzun zəfəri üçün hər bir vətəndaşımız əlindən gələni edir. Əminik ki, belə bir həmrəyliklə Qələbə tezliklə bizim olacaq”.
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.