Azərbaycan Beynəlxalq Bankı ilə Rusiyanın aparıcı banklarından olan Roseximbank arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bankdan FED.az-a verilən məlumata görə, sənədə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov və Roseximbankın İdarə Heyətinin sədri Azər Talıbov imza atıb. Memorandumun imzalanması Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının aprelin 27-də Moskvada keçirilən toplantısında elan edilib.
Sənəd Azərbaycanla Rusiya arasında ticarət əlaqələrində hər iki bankın birgə iştirakını, müxtəlif istiqamətlərdə qarşılıqlı əməkdaşlıq dəstəyini nəzərdə tutur. Razılaşmaya uyğun olaraq Azərbaycan və Rusiyada biznes üçün perspektivli sayılan sektorlarda - o cümlədən infrastruktur, informasiya texnologiyaları, energetika, neft-kimya, aqrar sənaye və s. bu kimi sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi imkanları dəyərləndiriləcək. Sahibkarlara biznes ideyalarının reallaşdırılmasında ən sərfəli şərtlərlə kömək göstəriləcək. Memorandum çərçivəsində yaradılan imkanlar biznes kreditlərinin iş adamlarına daha aşağı faizlərlə təklif edilməsinə imkan verəcək. Onların bank xərclərini azaldacaq. Tərəflər ətraf mühitin qorunması, təbii resurslardan məqsədyönlü istifadə, yaşıl texnologiyaların tətbiqi və s. məsələlər üzrə əməkdaşlıq perspektivlərinə də baxacaqlar.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu memorandumun Bankın xarici əlaqələrinin inkişafına xidmət etdiyini bildirib: “Roseximbankla əməkdaşlığımız müştərilərimizə yeni imkanlar yaradacaq. Xüsusilə ixracla məşğul olan sahibkarlar iki bankın əməkdaşlıq əlaqələrindən geniş faydalana biləcəklər. Bu əməkdaşlığımız Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə, ticarət əlaqələrinin daha da inkişafına töhfə verəcək. Yeni, faydalı təcrübələr formalaşdıracaq”.
Roseximbankın İdarə Heyətinin sədri Azər Talıbov da bu əməkdaşlığın mühüm önəm daşıdığını qeyd edib: «Bu tərəfdaşlığımız Azərbaycana məhsul və xidmət ixracı ilə məşğul olanlara maliyyə dəstəyi üçün effektiv alətlər təqdim etmək imkanı yaradır. Birgə layihələrimiz Rusiya məhsullarının Azərbaycana ixracına, eləcə də Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına investisiyaların cəlb olunmasına kömək göstərəcək”.
Azərbaycan Beynəlxalq Bankının müasir, universal, faydalı xidmət və məhsulları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.