Azərbaycanda yeni tətbiq edilən mübahisələrin məhkəmədən kənar həlli – Mediasiya üsulundan bank mübahisələrində də istifadə ediləcək.
FED.az xəbər verir ki, Vəkillər Kollegiyası (VK), Azərbaycan Banklar Assosiasiyası (ABA) və Mediasiya Şurası (MŞ) bank mübahisələrinin mediasiya perspektivlərinə və mövcud problemlərin müzakirəsinə həsr edilmiş görüş keçirib.
Görüşdə çıxış edən Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev bildirib ki, bank sektorunda baş verən mübahisələrin məhkəmədənkənar, alternativ həlli baxımından mediasiya variantı çox vaxibdir. O bildirib ki, mediasiya üsulu banklarla müştərilər arasındakı problemlərin uzun-uzadı məhkəmə prosesləri olmadan, əlavə vaxt və resurs itkisindən azad olmaqla, yalnız danışıqlar vasitəsi ilə həll edilməsinə kömək edəcək. ABA rəhbəri bildirib ki, banklar çevik həllərə və güclü elektron sistemə malik olduğu üçün mediasiya prosesinə istənilən dəstəyi göstərməyə hazırdırlar.
Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının Sədri Anar Bağırov qeyd edib ki, bank sektoru və korporativ sektorda olan mübahisələrin mediasiya yolu ilə həllində Vəkillər Kollegiyası da bütün zəruri dəstəyi verəcək.
Mediasiya Şurasının sədri Nadir Adilov mediatorlar arasında işlərin bölgüsü sahəsində olan şəffaflıq, işlərin mediatorlar arasında ədalətli bölüşdürülməsini qeyd edərək eyni zamanda vətəndaşlar və kommersiya hüquqi şəxslərinin məmnunluğunun artırılması və nəticələrin ölçülməsi məqsədilə mediatorların ictimai qiymətləndirilməsinin həyata keçirildiyini vurğulayıb (iştirak üçün keçid: http://mediasiya.gov.az/faydali/sorgular).
Tədbirdə mediator-vəkil, Mediasiya Şurasının işçi qrup rəhbəri Taleh İbrahimov bankirlərə bank sektorunun problemlərinin mediasiya yolu ilə həllinin üstünlükləri barədə məlumat verib. O eyni zamanda bu sahədə ortaya çıxan probelemləri qeyd edib və onların həlli üçün Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlığın zəruri olduğunuq qeyd edib.
Bank Ombudsmanının məsul katibi, mediator Elçin Həsənov də çıxışında bankların mediasiya proseslərində qarşılaşdığı problemlərə toxunaraq bu problemlərdən çıxış yolları ilə bağlı davamlı vebinarların, görüşlərin və maarifləndirmə işlərinə geniş ehtiyac olduğunu qeyd edib.
Tədbirdə çıxış edən «Paşa Bank» ASC-nin Hüquq şöbəsinin müdürü İlham Hüseynov Mediasiya Şurası ilə banklar arasında kommunikasiyanın gücləndirilməsi və çevik əlaqələrə məsul nümayəndənin olmasınə təkliə edib.
Bununla bağlı yerindəcə qərar verilib - banklar və mediatorlar arasında olan məsələlərin çevik həlli məqsədilə Zakir Nuriyev və Nadir Adilovun birgə qərarı əsasında Bank Ombudsmanının məsul katibi, mediator Elçin Həsənov Mediasiya Şurası və Azərbaycan Banklar Assosiasiyası, eyni zamanda bütün banklarla əlaqələndirməni həyata keçirən məsul şəxs təyin edilib.