Azərbaycan bankları xarici aktivlərini artırır. FED.az Mərkəzi Bankın açıqladığı analitik balansa istinadən xəbər verir ki, təkcə dekabr ayında bankların xarici aktivləri 1 milyard 215 milyon manat artıb.
Noyabr ayında xalis xarici aktivlər 2 milyard 195 milyon manat olduğu halda, dekabrın sonunda 3 milyard 410 milyon manata yüksəlib.
Maraqlıdır ki, bankların xarici öhdəlikləri durmadan azalır, yəni banklar vəsait toplayan kimi dərhal xarici borclarını bağlamağa çalışırlar. Dekabr ayında da banklar 193 milyon manat dəyərində borclarını geri ödəyiblər və hazırda xarici öhdəliklər üzrə balans göstəricisi 2 milyard 308 milyon manatdır.
Bəs, bankların xarici aktivlərinin 1 milyard manatdan çox artması nəyin hesabına baş verə bilər, sualı böyük maraq doğurur. Nəzərə alaq ki, xarici aktivlər xaricdən alınan kreditlər hesabına arta bilər, amma bu halda xarici öhdəliklər də artmalıdır. Balansdan isə görünür ki, xarici öhdəliklər əksinə azalır. Və yaxud da banklar vəsaitlərinin bir hissəsini dollara çevirib müxbir hesablarında saxlayırlar, yəni müxbir hesabların artması hesabına xarici aktivlər böyüyə bilər.
Amma burada 1 milyard 215 milyonluq bir artımdan söhbət gedir. Məsələ ilə bağlı iqtisadçı-ekspert Elman Sadıqov bildirdi ki, burada mövzu ümumi aktivlərin deyil, xarici aktivlərin artmasıdır. Nəzərə alsaq ki, xarici aktivlərin kəskin artması ilin son ayı olan dekabra təsadüf edir, burada əsas səbəblərdən biri bankların öz müştərilərinin xarici öhdəliklərini yerinə yetirmək üçün müxbir hesablarında saxladıqları vəsaitləri artırmalarıdır. Çünki, adətən il sonunda xüsusilə korporativ müştərilərin və sahibkarların həm ölkədaxili (vergi və digər ödənişlər), həm də xarici (idxal əməliyyatlarının artması, öncədən idxal etdikləri mallara görə öhdəlikləri bağlamaq və sair) əməliyyatları artır. Xüsusilə xarici valyutada olan əməliyyatlarla bağlı hər hansı riskin, gecikmənin yaranmaması üçün banklar xarici müxbir hesablarında daha çox vəsait saxlamaqla xarici valyutada olan əməliyyat risklərini yumşaldırlar.Bildiyimiz kimi xarici köçürmələr adətən xaricdəki müxbir hesablar vasitəsilə həyata keçirilir.
Bankların xarici aktivləri 1 milyard artıb, nəyin hesabına?
16:20
7 Fev 2018