"Bank sektorunun kapitallaşması yekunlaşma mərhələsindədir və kapitallaşma prosesi planauyğun gedir".
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Palaya qeyd edib ki, 2018-ci ildə bank sektorunun sağlamlaşdırılması proseslərinin tamamlanması nəzərdə tutulur:
"Banklardan tələb olunan kapital isə onların yalnız minimum tələblərinin yerinə yetirilməsi deyil, daha uzunmüddətli dövrdə baş verə biləcək risklərə qarşı da adekvat kapital buferinin təmin edilməsini nəzərdə tutub”.
SƏHMDARLAR PALATAYA MÜRACİƏT EDİB
Palata vurğulayıb ki, hazırda fəaliyyət göstərən bankların kapital mövqeyi sabitdir və kapitallaşma proqramının icrasına ciddi nəzarət olunur:
“Səhmdarlar tərəfindən bankların uzunmüddətli dövrdə dayanıqlığının təmin edilməsi üçün isə əlavə kapital inyeksiyaları təmin edilir. Təkcə son iki ay ərzində kapital inyeksiyalarının həcmi 68 mln. manat təşkil edib. Bundan əlavə, bankların səhmdarları tərəfindən 384 mln. manat həcmində səhm buraxılışı ilə bağlı Palataya müraciət olunub. Bu istiqamətdə proseslər artıq yekunlaşmaq üzrədir. Beləliklə, mövcud situasiyada sektorda fəaliyyət göstərən bankların defoltu ilə bağlı təhdidlər mövcud deyil”.