Banklarda rəqəmsallaşma informasiya texnologiyaları arxitekturasına zərurət yaradacaq.
AZƏRTAC xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının ödəniş sistemlərinə nəzarət departamentinin böyük analitiki İlqar Hidayətoğlu mayın 19-da Bakıda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə “Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarəedilməsi” mövzusunda keçirilən “Risklərin İdarəedilməsi Forumu - 2017”də deyib.
O bildirib ki, banklarda rəqəmsallaşma ilə bağlı mövcud durumu araşdırmaq üçün palatada məsul işçi qrup yaradılacaq və bankların rəqəmsallaşmaya hazırlığı qiymətləndiriləcək.
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının sədri Rüfət Mahmud mühasiblər forumunun müxtəlif sektorlarda çalışan peşəkar mühasiblərin görüşü, təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə peşəkar mövzuların müzakirəsi üçün bir platforma olduğunu bildirib. Qeyd edib ki, ARPA maliyyə sektorunda çalışan mütəxəssislərin bilik səviyyəsinin yoxlanılmasını hədəf qoyub. Risk peşəkarları dialoq meydanında bu dəfə informasiya texnologiyaları risk problemlərini maliyyə və informasiya texnologiyaları sahəsində mütəxəssislərlə birgə müzakirə edərək qabaqcıl təcrübənin tətbiqi və Azərbaycan mühitinə uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Forumda yerli və xarici auditor şirkətlərinin təmsilçiləri, eləcə də dövlət qurumları və maliyyə təşkilatlarının nümayəndələri iştirak edir.
Qeyd edək ki, 2009-cu ildə təsis edilmiş ARPA mindən çox fərdi, 20-dən çox korporativ üzvü özündə birləşdirir.