Banklararası milli hesablaşmalar sistemi vasitəsilə ödəniş əməliyyatları fevral ayında 55 minə çatıb. FED.az xəbər verir ki, nəticədə həmin ay 18 milyard 479 milyon manat ölkə ərazisində banklar vasitəsilə ödənişə yönəldilib. Bir ödənişin məbləği isə orta hesabla 336 min manat təşkil edib.
Ümumilikdə təkcə bu ilin yanvar-fevral ayında 96 min ödəniş qeydə alınıb və ümumi məbləğ isə 34 milyarddan yuxarıdır.
2017-ci ilin eyni dövrü ilə müqayisədə banklar vasitəsilə həyata keçirilən ödənişlər say etibarilə 14 min artıb. Maraqlıdır ki, bu sayın qarşısında bir ödənişə düşən məbləğdə isə o qədər ciddi bir artım yoxdur.
Eləcə də bax: Azərbaycandan xaricə "köçən pullar" artıb - RƏQƏMLƏR
Qeyd edək ki, banklararası milli hesablaşmalar sistemi ölkədaxili ödənişlərin həyata keçirilməsinə xidmət edir. Ödənişlərin sayının artmasında isə nağdsız əməliyyatlarla bağlı qanunun və bu qanunda nəzərdə tutulan qadağaların böyük rolu var. Beləki, nağdlaşdırma ilə bağlı qadağalardan sonra, sahibkarlar hesablarında olan pulları müxtəlif fiziki şəxslərə vuraraq nağdlaşdırmağa başlayıb. Bu isə təbii olaraq bank əməliyyatlarının sayını sürətlə artırır.
Eyni zamanda xırda ödənişlər üzrə klirink sistemi vasitəsilə 1 milyard 417 milyon manatlıq ödəniş həyata keçirilib. Bir ödənişin məbləği təxminən 504 manat olub.
Bankların ödəniş sistemlərində nə qədər pul "fırlanır"?
12:14
19 Aprel 2018