Azərbaycan banklarının kredit portfelində köhnə tendensiya davam edir. FED.az xəbər verir ki, ölkə banklarının əsas müştəri hədəfləri və kredit qazancları hələ də ticarət sektorunun payına düşür. Bunu xüsusən də idxal-ixrac əməliyyatları üzrə öndə gedən bankların portfelindən görmək olar.
Azərbaycandakı “Rusiya bankı”nın portfeli
VTB Bank Azərbaycan son illər korporativ müştəri bazasını artırıb. Hazırda bank Azərbaycan ilə Rusiya arasında biznes münasibətləri üzrə sükanı öz əlinə alıb. Bu istiqamətdə uzun müddət favorit olmuş Nikoil Bank isə zəifləyir. VTB Bankın kredit portfeli üzrə açıqlamalarına görə, 2018-ci ilin 3 ayında müştərilərə cəmi 275 milyon manatlıq kredit verilib. Bu vəsaitin 134 milyonu məhz ticarət və xidmət sektoruna, 100 milyonu isə istehlak kreditlərinə ayrılıb. Yəni real sektora yalnız 40 milyon manat düşüb. Həmin vəsait isə sənaye sektoruna verilib.
Azərbaycandakı “Türk bankı”nın portfeli
Ziraat Bank Azərbaycanın səhmləri tam olaraq Türrkiyə dövlət bankı olan Ziraat Bankasına aiddir. Bankın Azərbaycan nümayəndəliyinin kredit portfeli bu ilin 3 ayında 79 milyon 414 min manatdır. Bu vəsaitin 40 milyon 335 min manatı məhz ticarət və xidmət sektoruna məxsusdur. Göstəricilərdə nəzərə çarpan rəqəm 14 milyon tikinti və 6 milyon manat həcmində kənd təsərrüfatı kreditləridir. Beləliklə, əslində Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin yüksək olmasından qaynaqlanaraq yaradılan və artıq 2 ildir ki, Azərbaycanda fəaliyyət göstərən Ziraat Bank eyni zamanda 2000-ci ildə Bakıda fəaliyyətə başlayan Yapı-Kredi Bank Azərbaycannını müştəri portfelnin bir hissəsini mənimsəyə bildi.
Azərbaycanda ən böyük “Korporativ Bank”
PAŞA Bank hazırda həm Gürcüstanda, həm də Türkiyə bazarında fəaliyyət göstərir. Beləliklə, Türkiyəyə idxal-ixrac əməliyyatlarının həcmində PAŞA Bankın da öz payı var. Ümumilikdə Bankın hər üç ölkə üzrə kredit portfeli 1 milyard 413 milyon manatdır. Bunun 1 milyard 19 milyon manatı PAŞA Bank Azərbaycana aiddir. Kredit portfelinin 485 milyon 675 min manatı ticarət və xidmət sektoruna ayrılıb. 155 milyon 275 min manatı isə istehlak kreditləridir. PAŞA Bank üzrə 2017-ci ilin kredit portlenin ümumilikdə mənzərəsi isə belədir:
İlhamə Abdullayeva