Azərbaycan bankları kreditlərin faiz dərəcələrini aşağı salmalıdırlar.
FED.az xəbər verir ki, bu barədə fevralın 3-də regionların inkişafına həsr olunan konfransda prezident İlham Əliyev bildirib.
Eləcə də bax: Prezidentdən banklara xəbərdarlıq: "LİSENZİYALARI LƏĞV EDİLƏCƏK" - VİDEO
Dövlət başçısı bildirib ki, ölkədə iqtisadi vəziyyət yaxşılaşdıqca, uçot dərəcəsi də aşağı düşür (Mərkəzi Bankın banklara ayırdığı kreditlərin faizləri – FED,az) : «Uçot dərəcəsi bu il də aşağı düşübdür, təqribən 7 faizdən bir qədər çoxdur. Əlbəttə ki, özəl banklar da faiz dərəcələrini aşağı salmalıdırlar. Çünki Mərkəzi Bank tərəfindən artıq qərar qəbul edildi, keçən il və bu il uçot dərəcəsi müntəzəm olaraq aşağı düşür. Bu proses davam etdirilir».
Dövlət başçısı bankları iqtisadi proseslərdə aktiv olmağa və daha çox biznes kreditləri verməyə çağırıb: «Bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir. Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməli, biznes-kreditlərə üstünlük verməlidirlər. Mən bunu ilin yekunlarına həsr edilmiş müşavirədə qeyd etdim. Yenə də bu meyil görünməkdədir. İstehlak kreditlərinə üstünlük verilir. Əlbəttə, bu, çox asandır. İstehlak kreditini verir, sonra da faizini alır. Amma bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır».
Eləcə də bax: Prezidentin tələb etdiyi - SİYAHI – BANKLAR, KREDİT BÖLGÜSÜ
Prezident Nazirlər Kabiqneti və Mərkəzi Banka tapşırıb ki bankların kredit portfelindəki istehlak və biznes kreditlərinin bölgüsü barədə ona müntəzəm məlumat versinlər: «Ona görə burada mən bir daha göstəriş verirəm, Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes-kreditlərinin pay faizi nə qədərdir. İstehlak kreditləri və monitorinq daimi olmalıdır».
İlham Əliyev bildirib ki, məsuliyyətini dərk etməyən və prblemləri olan bankların lisenziyaları geri alınacaq: «Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır».