Azərbaycanın bank sektorunda vaxtı keçmiş kreditlərin ən böyük hissəsi biznes kreditlərinin payına düşür. Bu ilin avqustun 1-nə olan məlumata görə, problemli biznes kreditlərinin həcmi 446,9 milyon manata çatıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 milyon manat və ya 9% artım deməkdir. Ötən il avqustun 1-də bankların problemli biznes kreditləri portfeli 410,1 milyon manat təşkil edirdi.
Bu seqmentdə artım tendensiyası ilin əvvəlindən bəri daha da sürətlənib. Ötən ilin sonuna (374,8 mln. manat) nəzərən portfel 72,1 milyon manat (19,2%) böyüyüb. Təkcə son bir ayda isə (iyula nəzərən) 16,1 milyon manat (3,7%) artım qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, problemli biznes kreditləri portfeli ötən ilin eyni dövründə 410,1 milyon manat, ötən ilin sonunda 374,8 milyon manat, bu ilin iyulun 1-də isə 430,8 milyon manat təşkil edirdi.
Problemli kreditlərin ümumi biznes kreditləri portfelindəki payı isə 3,0%-ə yüksəlib. Bu, ötən ilin eyni dövrü (2,9%) ilə müqayisədə 0,1 faiz bəndi artım deməkdir. Artım ötən ilin sonu (2,5%) ilə müqayisədə daha kəskin olub – 0,5 faiz bəndi. Yalnız son bir ayda isə portfelin keyfiyyəti 0,2 faiz bəndi pisləşib.