2017-ci ilin noyabrında Azərbaycanda fəaliyət göstərən banklara məxsus bankomat və POS-terminalların sayı azalıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, noyabrda bankomatların sayı ilin əvvəlindəki səviyyəyə enib. Ötən ilin oktyabrında bankomatların sayı 2 491 ədəd olduğu halda, noyabrda bu rəqəm 2 460 ədəd təşkil edib. 2017-ci ilin yanvarında da onların sayı 2 461 ədəd olub. Ləğv olunan bankomatların böyük hissəsi paytaxtın payına düşür.
Xatırladaq ki, ötən il bankomatların sayı ən çox iyul ayında müşahidə edilib – 2 505 ədəd. Azərbaycanda bankomatların sayının ən yüksək həddi 2015-ci ilin oktyabrında müşahidə edilib. Həmin vaxt onların ümumi sayı 2 711 ədədə çatıb. Son 2 ildə 10-a yaxın bankın bağlanması bankomatların sayının azalması ilə nəticələnib.
2017-ci ilin noyabrında Azərbaycandakı POS-terminalların sayı isə ilin əvvəlindəki səviyyədən də aşağı enib. Belə ki, oktyabrda onların sayı 66 336 ədəd olduğu halda, noyabrda bu rəqəm 66 028-ə enib. Yanvar ayında isə POS-terminalların sayı 71 164 ədəd təşkil edib.
Azalma daha çox pərakəndə ticarət obyektlərinin payına düşüb. Həmin obyektlərdəki POS-terminalların sayı oktyabrdakı 65 137 ədəddən 64 762-ə enib. Bir ayda 375 ədəd ödəmə aparatı ləğv edilib. İstifadədən çıxarılan POS-terminalların 168-i Bakının, 140-ı isə regionların payına düşür.
Qeyd edək ki, onların sayının ən yüksək həddi 2015-ci ilin dekabrında müşahidə edilib – 80 301 ədəd.
Bankların bağlanması 300-ə yaxın bankomatın işini dayandırdı - RƏQƏMLƏR
16:38
15 Yan 2018