Azərbaycanda bağlanan və inzibatçı təyin edilən banklardakı real vəziyyət açıqlanıb.
FED.az xəbər verir ki, AMB-nin rəhbəri Elman Rüstəmov Real TV-yə müsahibəsində bildirib ki, bağlanma anında hər 4 bankın ciddi kapital və kredit problemləri olub.
«Atabank»da - kapital mənfi 214 milyon manat olub. Bankın fəaliyyəti üçün minimal tələbin 50 milyon manat olduğunu nəzərə alanda onun normal vəziyyətə qayıtması üçün 260 milyon manat vəsait tələb olunurdu. Bankın kredit portfeli olduqca pis vəziyyətdə olub – problemli kreditlərinin həcmi 80% olub.
"Amrahbank"da – kapital mənfi 77 milyon manat olub, onun normal vəziyyətə qayıtması üçün 127 milyon manat vəsait tələb olunurdu. Elman Rüstəmov bildirib ki, AMB bu vəziy1yəti həll etmək üçün bankın sahibləri ilə müzakirə edib: «Sahibləri ilə də danışdıq, onlara vaxt verildi, təklif etdik kapitallaşsınlar, amma kapitallaşma planı tələb etdik. Onların belə planları olmadığından istina etdilər, bunu etmədilər və biz də lisenziyanı geri aldıq». Bağlanma anında «Amrahbank»ın problemli kreditləri 40% olub.
«AG Bankda» da vəziyyət ürək açan olmayıb. Bankın mənfi kapitalı mənfi 145 milyon manat olub. Yəni normal fəaliyyətə başlamaq üçün 195 milyon manat vəsait tələb edilirdi. Bankın problemli kreditləri isə 54 faiz təşkil edib.
«NBC bank»ın kapitalı isə inzibatçı təyin edilən anda mənfi 23 milyon manat olub. Onun da normal fəaliyyəti üçün 73 milyon manat tələb olunur. Problemli kreditləri isə 32 faiz olub.
Elman Rüstəmov bildirib ki, banklara qarşı belə tədbirər görülərkən ayrı-seçkilik edilməyib. Onların hər biri 20- 25 ildir ki, bazardadırlar və inkişaf etməli idilər.