Azərbaycan sahibkarlarının bankdan kredit götürərkən üzləşdiyi problemlər Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən AMB rəhbərliyi, banklar və sahibkarların görüşündə qaldırılıb.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az - BİZNES KREDİTİ VERƏN BANKLAR - SİYAHI
FED.az məlumat verir ki, görüşdə Elman Rüstəmov iş adamlarını problemləri barədə açıq danışmağa dəvət edib: «Bu görüş sizi dinləmək üçün təşkil edilib, istənilən qədər vaxtımız var, təkliflərinizi səsləndirin».
Toplantıda sahibkarları narahat edən bəzi məsələlər qeyd edilib. Bunlardan biri kredit götürərkən faizlərin yüksək olması və girov problemidir.
Təklifi səsləndirən Azərbaycan sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, ötən ilin sonunda ASK sahibkarlar arasında sorğu keçirib, sorğuda maliyyə məhsullarının kiçik və orta sahibkarlığın ehtiyaclarına uyğun olması barədə sual da olub.
İş adamlarının böyük bir qismi bildirdilər ki, mövcud kredit faizlərinin və şərtlərin yumşaldılması ilə bağlı müəyyən təklifləri var.
«Regionlarda sahibkarlıqla məşğul olan şəxslərin kredit almasında əsas çətinlik girov sistemi ilə bağlıdır. Daşınmaz əmlak olaraq rayonlardakı evlərin və torpaqların girov kimi tanınması tam reallaşmır. Sahibkarlar daşınar əmlakın girov qoyulması sistemindən istifadə edə bilmirlər.
Bunun göstəricisidir ki, Azərbaycanda özəl sektora verilən kreditlərin Ümumi Daxili Məhsula olan nisbəti Avropa, eləcə də qonşu dövlətlərlə müqayisədə çox aşağıdır. Dünya Bankının hesabatına görə, qonşu Gürcüstanda bu göstərici 62.6 faiz, Rusiyada 75.9 faiz olduğu halda, Azərbaycanda cəmi 20.8 faiz təşkil edir»-deyə ASK rəhbəri bildirib.