Ləğv prosesində olan Bank Standardın əmanətçilərinə əmanətlərin qaytarılmasında agent bank xidmətindən istifadə ediləcək.
FED.az xəbər verir ki, bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev bildirib. “Əmanətçilərə ödənişləri yaxın vaxtlarda həyata keçirməyi planlaşdırırıq. Hazırda hazırlıq işləri gedir. Ödəniş məsələsində ləğv prosesində olan “Dəmir Bank” ilə bağlı müsbət təcrübədən istifadə edəcəyik.
Eləcə də bax: Fond rəhbərliyi: "Bütün əmanətçilərin - PULLARI QAYTARILACAQ»
Bildiyiniz kimi, həmin bankın əmanətləri agent bank vasitəsi ilə nağdsız qaydada qaytarılıb. Min manata qədər əmanəti olanlara kod verilirdi və o kod vasitəsi ilə istənilən bankomatdan pul götürülürdü. Daha yüksək məbləğdə əmanətlər isə adlı plastik kartlar vasitəsi ilə qaytarılırdı. Vətəndaş pulunu həm faizsiz nağdlaşdıra, həm də nağdsız qaydada istifadə edə bilərdi. İndi də geniş filial şəbəkəsinə malik banklardan birini agent seçib 10 min ABŞ dollarına qədər əmanətləri qaytarmağı düşünürük”, - deyə V.Abdullayev qeyd edib.