Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin ilk ilk 9 ayının nəticələri üzrə bank depozitlərinin statistikasını açıqlayıb.
FED.az AMB-nın hesabatına əsasən xəbər verir ki, hesabat dövrü ərzində cəmi depozitlər ilin əvvəlinə nəzərən 4,78% artaraq 21 mlrd 583,6 mln manata yüksəlib.
Cəmi depozitlərin 37,98%-i və ya 8 mlrd 199,1 mln manatı ev təsərrüfatları tərəfində qoyulan əmanət və depozitlərin payına düşür. Xatırladaq ki, ilin əvvəlində ev təsərrüfatları tərəfindən qoyulan depozitlərin məbləği 7 mlrd 561,2 mln manat olub.
Hesabat dövrü ərzində ev təsərrüfatları tərəfindən qoyulan depozitlərin 5 mlrd 130 mln manatı və ya 32,55%-i xarici valyutaya qoyulub.
Cəmi depozitlərin 7,56%-i və ya 1 mlrd 632 mln manatı maliyyə təşkilatları tərəfindən qoyulan depozitlər və əmanətlər təşkil edir.
Hesabat dövrü ərzində maliyyə təşkilatları tərəfindən qoyulan əmanət və depozitlərin məbləği ilin əvvəli ilə müqayisədə 15,65% azalıb. Qoyulan əmanət və depozitlərin 1 mlrd 258 mln manatı və ya 77,08%-i xarici valyutaya yatırılıb.
Hesabat dövründə qeyri-maliyyə təşkilatları tərəfindən qoyulan əmanət və depozitlərin məbləğinin ümumi cəmi depozitlərdə payı 54,45% və ya 11 mlrd 752,4 mln manat təşkil edib. İlin əvvəlinə nisbətən qoyulan əmanət və depozitlərin məbləği 5,85% artıb. Qoyulan depozitlərin 8 mlrd 157,4 min manatı və ya 69,41%-i xarici valyutaya qoyulub.