Bankda işləmək istəyi olan və müsahibəyə çağrılan insanlar hansı suallarla qarşılacaqlarından bir o qədər də xəbərdar deyillər. Bu səbəblə də müsahibələrdə ən çox verilən sualları cavabları ilə birlikdə diqqətinizə çatdırırıq.
Əvvəlcə “Banklar haqqında qanun”dan qısa çıxarışlar edək:
1.Banklar haqqında qanun nə vaxt qəbul edilib?
1996-cı il 14 iyun tarixdə “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanun qəbul edildi. “Banklar haqqında” qanun isə 2004-cü ildə qəbul edilib qüvvəyə minmişdir.
2. Bank nədir?
Bank—fiziki və hüquqi şəxslərdən depozitlərin cəlb edilməsi, kreditlərin verilməsi, köçürmə və hesablaşma-kassa əməliyyatlarını həyata keçirən hüquqi şəxsdir.
3. Bankın təşkilati-hüquqi formasına qarşı hansısa bir tələb var?
Bank ən azı üç şəxs (hüquqi və ya fiziki) tərəfindən Açıq Səhmdar Cəmiyyəti (ASC) formasında yaradılır
4. Bank filialı, şöbəsi və nümayəndəlikləri arasındakı fərq nədir?
Bankın filial və şöbəsinin oxşar və fərqli cəhətləri vardır. “Banklar haqqında” qanuna görə bank filialı bankın həyata keçirdiyi bütün fəaliyyət növləri ilə məşğul ola bildiyi halda, şöbələrin fəaliyyət sferası daha dardır. Belə ki, bank şöbələri kredit verə bilməzlər. Filial ilə şöbənin ortaq cəhətləri isə onların bankın olduğu yerdən kənarda yerləşməsi, ayrıca hüquqi şəxs statusu daşımaması, depozit cəlb etməsi, köçürmə və kassa-hesablaşma əməliyyatlarını həyata keçirə bilməsidir.
Nümayəndəlik isə həm filial, həm də şöbələrdən əsaslı surətdə fərqlənir. Belə ki, onlar bankın həyata keçirdiyi heç bir fəaliyyətlə məşğul ola bilməz. Nümayəndəliklər adından da bəlli olduğu kimi, yalnız bankın mənafeyini təmsil və müdafiə edən qurumdur.
5. BOKT banklardan fərqi nədir?
Bank olmayan kredit təşkilatları bankların həyata keçirdiyi bir sıra fəaliyyətlərlə (kredit, faktorinq, forfeytinq, lizinq, sığorta agenti, akkreditiv, maliyyə xidmətləri və s.) məşğul olsalar da, depozit cəlb edə bilməzlər.
6. Kreditin prinsipləri hansılardır?
Bank kreditləri qaytarılmaq, müəyyən müddətə və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Bununla yanaşı, kreditlərin təyinatı, yəni onların hansı məqsədlə xərclənəcəyi də önəmlidir.
7. Bank adı necə formalaşır?
Bankın adında mütləq qaydada «bank» sözü olmalıdır
8. Klirinq nədir?
Klirinq— qarşılıqlı tələb və öhdəliklərin hesablanması yolu ilə nağdsız hesablaşmalar sistemidir.
9. Bankın ali idarəetmə orqanı hansıdır?
Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağıdır.Bununla yanaşı, bank Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti tərəfindən idarə olunur.
10. İnzibatçılar kimlərdi?
İnzibatçılar Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, bankın baş mühasibi, daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri.
11. Kimlər bankın səhmdarları ola bilməz?
Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər.
12. Banklar imtiyazlı səhm buraxa bilər?
Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər.
13. Bank sirri nədir?
Mülki Məcəlləyə görə bank hesabı və hesab üzrə əməliyyatlar, habelə müştəri haqqında məlumatların, sirrinə bank təminat verir. Bununla yanaşı, banklar müştərilərin bank saxlancında (seyf) əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də təminat verir.
14. Bank müştəri və onun bank hesabları haqqında məlumat kimlərə və hansı hallarda verə bilər?
Təbiidir ki, müştəri hesabları haqqında məlumat müştərinin özünə və onun nümayəndəsinə verilə bilər. Lakin bəzi istisna hallar vardır. Belə ki, hesab haqqında məlumat Mərkəzi Bank inspektorlarına, kənar auditorlara, sığorta nəzarəti orqanına, maliyyə monitorinqi orqanına, kredit reyestrinə və eləcə də vergi orqanlarına verilə bilər.
15. Bankda müştəri sənədləri maksimum nə qədər saxlanılır?
Müştərinin sənədləri müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən sonra azı beş il müddətində bankda saxlanılmalıdır.