Xəbər verildiyi kimi, FED.az Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirləri üzrə renkinqini hazırlayıb.
Renkinqdən aydın olur ki, bəzi banklarda qeyri-faiz gəlirləri faiz gəlilərindən çoxdur. Bəs bunun səbəbləri nədir və bu hansı nəticələrə gətirib çıxara bilər?
İqtisadçı-ekspert Rövşən Ağayevin FED.az-a verdiyi məlumata görə, bankların faiz gəlirləri o zaman yüksək olur ki, onlar yaxşı kredit versinlər və onların qiymətli kağızlarına tələb olsun: «Azərbaycanda bankların aktivlərinin yalnız 50%-ə qədəri kreditlərər ayrılır. Halbüki inflasiyadan əvvəl bu göstərici 70-75% təşkil edirdi».
Eləcə də bax: Bankların faiz və qeyri-faiz gəlirlərinin müqayisəsi – RENKİNQ (01.10.2018)
Bankların hesablarında qeyri-işlək aktivlərin payı inflasiyadan sonra çoxalıb. Çünki inflasiyadan sonra biznes kreditləri riskli olduğu üçün çox bank kredit verməyi azaldıb. Bundan əlavə Real sektorun da kreditə tələbi azalıb ki, bu da son nəticədə bankların faizgəlirlərinin miqdarını azaldıb.
Digər tərərfdən qiymətli kağızlara investitsiya edənlər bankların riskli qiymətli kağızlarına yönəlməkdənsə, dövlətin qiymətli kağızlarına yönəlirlər.
Ekspert hesab edir ki, məhz buna görə qeyri-faiz gəlirləri (bunlara: valyuta alqı-satqısı, haqq və kommisiya gəliri və s aiddi) faiz gəlirlərinə nəzərən daha çox artıb.
Bəs normal fəaliyyət üçün bankların faiz və qeyri-faiz gəlirləri necə bölüqməlidir?
R.Ağayev bildirir ki, Azərbaycan banklarının misalında bunu demək çətindir, çünki ölkəmizdə konkret sahə üzrə ixtisaslaşan banklar yoxdur: «Azərbaycanda banklar universal, yəni bütün sahələrdə fəaliyyət göstərir. Yəni hər hansısa sahə üzrə ixtisaslaşmış banklar yoxdur. Əgər Azərbaycanda tikinti bankı və ya aqrar bankı olsa biz deyə bilərik ki, bu banklarda faiz gəlirləri ümumi gəlirlərin 95%-n təşkil etməlidir».
«Əgər bank sektorunda qeyri-faiz gəlirlərinin payı faiz gəlirlərindən çoxdursa, bu o deməkdir ki, iqtisadiyyatda kreditə tələb azdır. Bu iqtisadiyyat üçün anormal bir vəziyyətdir»-deyə ekspert bildirir.