“Banklara tövsiyə olunur ki, müəyyən möhlətlər edilsin, vətəndaşı sıxmasınlar”.
FED.az xəbər verir ki, bu sözləri İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İctimai TV-nin efirində “Vətəndaş götürdüyü kreditin ödənişi ilə bağlı narahat olmalıdır, yoxsa yox?” sualını cavablandıran zaman deyib.
Eləcə də bax: Banklar kredit verməyi niyə dayandırıb? - RƏSMİ AÇIQLAMA
Bildirib ki, hazırda işçi qrup Mərkəzi Bankın rəhbərliyi ilə birgə təkliflər paketi hazırlayır: “Təbii ki, bu situasiyada həmin vətəndaşlara möhlət verilməsi zərurətdən irəli gəlir və bu məsələlər müzakirə olunur. Banklar da sahibkarlıq subyektidir və dövlətin onların fəaliyyətinə müdaxilə etmək hüququ yoxdur. Banklara tövsiyə olunur ki, müəyyən möhlətlər edilsin, vətəndaşı sıxmasınlar. Dövlət də valyuta bazarının tənzimlənməsi və digər məsələlərlə işlər aparır.
Kreditlərlə bağlı 3 proqram təklif olunub.
Birincisi mövcud, götürülmüş kreditlərə şamil olunacaq. 1 milyard manatlıq əlavə olaraq portfeldən söhbət gedir. 10 mart tarixinə kimi götürülmüş kreditlərə münasibətdə 10 faizlik subsidiya nəzərdə tutulub. Hesab edirik ki, bu dəstək çox böyük maliyyə tutumuna sahibdir.
İkinci proqram gələcəkdə, yəni, post-pandemiya dövründə götürüləcək kreditlər üçün nəzərdə tutulub və 500 milyon manatlıq portfeldir.
Əsas şərt ondan ibarətdir ki, götürüləcək kreditlər maksimal 15% illik dərəcəsi ilə 3 il müddətinə götürülsün. Burada dövlət götürülmüş kreditin girov təminatı üçün 60%-lik bir güzəşt verəcək. Digər bir güzəşt isə həmin 15%-in 50%-ni də dövlətin öz üzərinə götürməsidir”.
Millət vəkili Əli Məsimli məsələyə münasibət bildirərək qeyd edib ki, indiki vəziyyətdə krediti ilə bağlı çətin vəziyyətə düşən insanların məsələsi mütləq həll edilməlidir:
“Banklar yüksək faizlərlə kifayət qədər pul qazanıb. Belə bir şəraitdə hesab edirəm ki, 3 ay elə də böyük vaxt deyil. Aprel, may, iyun aylarında həmin tətillərin verilməsi vacibdir. İnsanlar kredit alıb, ancaq nə qədər məhdudlaşdırıcı tədbirlər var. İşləmirlər, gəlir yoxdur. Bəs bu insanlar həmin krediti necə qaytaracaq?”
Qafqazinfo