Dövlət xətti ilə güzəştli kredit verən banklar sahibkarlarla daha sıx işləməli və onlara dəstək verməlidir.
FED.az xəbər verir ki, bu fikirlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Banklar Assosiasiyası və Fondla əməkdaşlıq edən müvəkkil bankların onlayn toplantısında səslənib. Görüşdə Fondla əməkdaşlıq edən banklarla güzəştli kredit almaq istəyən sahibkarlar arasında daha sıx əlaqələrin yaradılması imkanları müzakirə olunub.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev Fondun 2022-ci il üzrə fəaliyyətinin prioritet istiqamətləri və müvəkkil kredit təşkilatlarından gözləntilər barədə təqdimatla çıxış edib. Fond rəhbğəri vurğulayıb ki, aqrar sektorun inkişafının təmin edilməsi baxımından güzəştli kreditlərin verilməsində emalyönümlü layihələrə üstünlük verilməsi vacibdir.
Görüşdə qərara alınıb ki, Fondun dəstək mexanizmləri üzrə çevikliyin artırılması və banklarda yaranan sualları operativ cavablandırmaq üçün işçi qrup yaradılsın. Görüşdə sahibkarlarla işlə bağlı bankların sualları da cavablandırılıb.