Azərbaycanın bank sektoru tərəfindən regionlara yönəldilən kredit qoyuluşlarının həcmi məlum olub. Ümumilikdə, respublika üzrə bu göstərici 28 milyard 704,9 milyon manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kreditlərin böyük əksəriyyəti paytaxt Bakının payına düşür.
Paytaxt Bakı şəhəri 21 milyard 813,3 milyon manatlıq kredit qoyuluşu ilə digər bütün regionları böyük fərqlə geridə qoyur. Bu, ölkədəki ümumi kredit portfelinin təxminən 76%-i deməkdir.
Paytaxtdan sonra ikinci yerdə sənaye şəhəri olan Sumqayıt qərarlaşıb ki, burada banklar 809,1 milyon manat kredit yerləşdirib. Ölkənin ikinci böyük şəhəri olan Gəncə isə 700 milyon manatlıq göstərici ilə üçüncü pillədədir. İlk beşliyi Naxçıvan şəhəri (405,9 milyon manat) və Abşeron rayonu (354,9 milyon manat) tamamlayır.
Reytinqdə növbəti yerlərdə də əsasən iri şəhər və turizm potensiallı rayonlar qərarlaşıb. Belə ki, Lənkəran rayonunda kredit qoyuluşlarının həcmi 288,1 milyon manat, Bərdə rayonunda 242,1 milyon manat, Xaçmaz rayonunda isə 218,9 milyon manat təşkil edib. İlk onluqda həmçinin Mingəçevir şəhəri (203,5 milyon manat) və Şirvan şəhəri (194 milyon manat) yer alıb.