Tezliklə ölkəmizdəki banklar müştərilərə kredit verdikdə bütün banklar üçün eyni olan standart müqavilələr bağlayacaqlar. Mövzunu bank mütəxəssisi Bəxtiyar Məmmədov şərh edir.
FED.az xəbər verir ki, hazırda ölkə bankları öz müştərilərinə hesabların açılması, hesablarla əməliyyatlar, ödəniş kartları və onlardan istifadə, depozitlərin qəbul edilməsi, kreditlərin verilməsi və s. kimi müxtəlif növ xidmətlər göstərirlər. Bu zaman müştərilərlə xidmət şərtlərinə uyğun olaraq müqavilə bağlanılır və hər bir bank üzrə həmin müqavilələrin məzmunu fərqlidir.
Eləcə də bax: Banklar ƏDV-ni necə qaytaracaqlarını müzakirə ediblər
Müqavilələrin xüsusiyyətləri
Hər bir bankın tələbləri və şərtləri müxtəlif olduğu üçün onlar ayrıca müqavilə forması yaratdıqda burada öz tələb və şərtlərini daha rahat ifadə edə bilirlər. Müqavilə şərtlərinin bank tərəfindən müəyyən edilməsi bankların öz müştərilərinə digərlərindən əsaslı şəkildə fərqlənən güzəştlər, yaxud cəlbedici şərtlər tətbiq etməsinə daha geniş imkan yaradır. Bəzi hallarda bankların qanunvericiliyin bütün tələblərini nəzərə almaması, yaxud mübahisəli məqamların baş verməsi ehtimalı yaranır. Qanunvericilik aktlarının dəyişilməsi zamanı bankların hər birinin ayrı-ayrılıqda müqavilə formalarını yeniləməsinə ehtiyac yaranır. Bu xüsusiyyətlər nəzərə alındıqda bəlli olur ki, qanunvericiliyin hər hansı tələbinin pozulması ehtimalı və qanunvericilikdəki dəyişikliklərin müqavilələrdə nəzərə alınması zərurəti bütün banklar üçün standart müqavilə forması barədə düşünməyə əsas verir.
Standart müqavilə ilə bağlı qayda
Müqavilə forması standart olduğu üçün bir sıra bankların öz tələb və şərtlərini, eləcə də güzəştlərini ifadə etməsi bəzi hallarda çətinliklərə səbəb ola bilər, yəni standart müqavilənin tələbləri ilə bankın tələbləri uzlaşmaya bilər. Ona görə də bankların birləşərək vahid müqavilə forması tərtib etməsi qanunvericilik aktlarının tələblərinin nəzərə alınması baxımından müsbət yanaşmadır: vahid müqavilə qanunvericiliyə daha uyğun bir formanın yaradılmasını tələb edir.
Qanunvericilik aktlarında olan dəyişikliyin izlənilməsi vahid ekspert qrupu tərəfindən izlənəcəyi üçün banklar bu məsələyə daha az insan resursu sərf edəcəkdir. Bankların müştəriləri üçün hazırladıqları müqavilələrdəki "xırda şriftlərlə yazılmış şərtlər" burada daha az olacaqdır.
Müqavilə bağlanarkən hansı məsələlərə diqqət yetirilməlidir?
Müqavilə - bir və ya bir neçə tərəfin razılaşaraq öz üzərlərinə hər hansı öhdəlik və vəzifə götürməsidir. Əgər standart müqavilə forması hazırlanarsa, müştərilərlə müqavilənin bu formada bağlanması öhdəliyini banklar kimin qarşısında götürəcəklər? Öhdəliyin yerinə yetirilməsinə nəzarət və cəza mexanizmləri necə təşkil ediləcək? Bunun üçün bir neçə üsul tətbiq edilə bilər:
-Nəzarət orqanı tərəfindən bu, məcburi xarakter daşıyan təlimat şəklində hazırlana bilər. Lakin hər hansı bankda müqavilə üçün formanın - başqa sözlə desək, müəyyən şərtlərin ifadə edilmə tərzinin məcburi olaraq müəyyən edilməsinin Azərbaycan Respublikasının qanunlarına uyğunluğu dəqiqləşdirilməlidir.
-Banklar standart müqavilə formasının tətbiqi ilə bağlı kollektiv saziş bağlaya bilər, lakin bu, yalnız könüllülük prinsipi əsasında olmalıdır, həmçinin kollektiv sazişə əməl edilməsinin nəzarət mexanizminin necə olacağı dəqiq və işlək bir şəkildə təşkil edilməlidir. Kollektiv sazişin şərt və öhdəlikləri dəqiq müəyyən olunmalıdır.
-Digər bir üsul standart müqavilə formasının hazırlanması və heç bir məcburiyyət, yaxud öhdəlik olmadan bankların bu müqavilə formasından könüllü şəkildə istifadəyə təşviq edilməsidir. Bu, həm bankların daha sağlam rəqabət aparmasına, həm də bu formanın illər keçdikcə daha yaxşı inkişaf etməsinə şərait yarada bilər.
Ümumilikdə belə bir nəticəyə gəlmək olar ki, bütün banklar üçün standart müqavilə formasının üstün cəhətləri olsa da, onun effektiv olması üçün məsələnin hüquqi aspektləri dərindən təhlil edilməli, daha sonra əməli addım atılmalıdır. İstənilən halda bu məsələdə tam könüllülük prinsipinə əməl olunması məcburiyyətdən üstün və effektiv nəticə verəcəkdir.
Vergilər.az