Bu ilin avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının açıqladığı son statistik məlumatlara əsasən, ölkənin şəhər və rayonlarına banklar tərəfindən manatla verilmiş kreditlərin ümumi həcmi 24 milyard 319,8 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu vəsaitin 17 milyard 738,0 milyon manatlıq hissəsi paytaxt Bakının payına düşüb ki, bu da paytaxtın ölkənin əsas maliyyə mərkəzi olduğunu bir daha sübut edir.
Bakıdan kənardakı regionlara nəzər yetirdikdə, Sumqayıt şəhərinin payına 757,2 milyon manat, Gəncə şəhərinə 661,7 milyon manat, Naxçıvan şəhərinə isə 402,6 milyon manat kredit düşüb.
Banklar tərəfindən Abşeron rayonuna 344,2 milyon manat, Lənkəran rayonuna 280,2 milyon manat, Bərdə rayonuna isə 231,6 milyon manat kredit verilib.
Xaçmaz rayonu üzrə verilmiş kreditlərin ümumi məbləği 204,8 milyon manat, Mingəçevir şəhəri üzrə 198,0 milyon manat, Şirvan şəhəri rayonu üzrə isə 181,3 milyon manat təşkil edib.