COP29 çərçivəsində Azərbaycanda “yaşıl kredit” siyasəti həyata keçiriləcək.
"Sahibkarlar "yaşıl krediti istəməlidir ki, bank "yaşıl krediti" versin"
FED.az xəbər verir ki, bu barədə “Unibank”ın filial rəhbəri Turan Xəlilov məlumat verib. Onun sözlərinə görə, dövriyyələrini rəsmiləşdirən, şəffaf qaydada fəaliyyət göstərən sahibkarlara “yaşıl kredit”lərin ayrılması nəzərdə tutulub: “Tam şəffaf fəaliyyət göstərən sahibkarlara uyğun məhsulların hazırlanması, maliyyə dəstəyi göstərilməsi istiqamətində addımlar atılacaq. Kredit əldə etmək üçün əsas şərt şəffaf işləməkdir”.
T.Xəlilov seqmentlərə bölünmədən bütün sahələrə “yaşıl kredit”lərin ayrıldığını bildirib: “Son illər Azərbaycanda “kölgə iqtisadiyyatı”nın həcmi əhəmiyyətli dərəcədə azalıb. Sahibkarlar rəsmi dövriyyələrə, eləcə də bank məhsullarına daha çox üstünlük verirlər. Onlar rəsmi dövriyyə aparmaqla əlavə maliyyə alətlərindən istifadə edə biləcəklər. Əgər bir şirkət böyümək istəyirsə, mütləq şəkildə ona maliyyə dəstəyi lazımdır”.
T.Xəlilovun sözlərinə görə, rəsmi dövriyyəsi olan müştərilər banklardan aşağı tariflərlə kredit və xidmət ala bilirlər. Eyni zamanda, debitor borclarının qaytarılması, əmək haqlarının ödənilməsi və s. kimi çətinlikləri yarandıqda onlara qısamüddətli kreditlər təklif olunur. Bundan əlavə, POS-terminaldan istifadə edən şirkətlərə son 6 ayın dövriyyəsi həcmində kreditlər verilir.
Bankların kredit faizləri və xidmət haqlarının yüksək olmasından narazılığa gəlincə, məsələyə münasibət bildirən T.Xəlilov bankların faizlərə fərdi qaydada baxa bildiyini deyib: “Bankların ayırdıqları kreditlərin maya dəyəri var. Çünki onlar da maliyyə resusrlarını vətəndaşlardan, maliyyə institutlarından, Mərkəzi Bankdan cəlb edirlər. Bu halda, istər-istəməz, bankın xərcləri yaranır. Buna baxmayaraq, biz sahibkarların müraciətlərinə fərdi qaydada yanaşırıq. Əgər şirkətin rəsmi dövriyyəsi varsa, bank burada qeyri-faiz gəlirlərini kompensasiya edə, daha ucuz tariflərlə xidmət göstərə bilir. Bu gün banklar arasında ciddi rəqabət olduğundan, onlar daha çox müştəri cəlb etməkdə maraqlıdırlar. Buna görə də tariflərdə müştəriləri qane etməyə çalışırlar”. (Vergiler.az)