2019-cu ilin ilk yarımili ərzində Azərbaycan Kredit Bürosunun (AKB) sistemindən 30 bank və 40 BOKT istifadə edib. AKB-dan FED.az-a verilən məlumata görə, qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 1 301 606 sorğu həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 37 faiz çoxdur. Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 952 987 sorğu verilmişdi.
Büroda aparılmış sorğuların 1 162 865-i və ya 89%-i banklardan daxil olub. 138 741 sorğu və ya 11%-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.
Büronun skorinq xidmətindən isə 6 ay ərzində ümumilikdə 851 607 sayda istifadə qeydə alınıb ki, bu da ümumi sorğuların 65%-ni təşkil edib.
Qeyd olunan dövr ərzində 13 827 şəxs Büroya müraciyyət edərək öz kredit hesabatlarını əldə edib. Müraciət etmiş şəxslərin 13 751-i (və ya 99,5%-i) fiziki, 76-i (və ya 0,5%-i) isə hüquqi şəxslər olub.