Mərkəzi Bankın tələbinə görə, ayda bir dəfə, kommersiya bankları 20 min manat ekvivalentinədək xarici valyutanı xüsusi formanın doldurulması ilə müştəriyə satışını təmin etməlidirlər.
FED.az xəbər verir ki, Marja-nın bu gün bank filiallarındakı müşahidəsinə görə, banklardan biri məbləğ məhdudiyyətini yarıbayarı azaldıb. Həmin bank bir müştəriyə maksimum 10 min manat ekvivalentinədək məbləğdə (maksimum 5800 dollar) xarici valyutanı xüsusi formanın doldurulması ilə satışını həyata keçirir. Bu məbləğdən yuxarı alışlara gəlirin mənbəyini tələb edən sənədlər və Maliyyə Monitorinqi xidmətinin razılığı tələb olunur.
Bəzi banklar, xüsusi formanın doldurulması ilə 20 min manat ekvivalentinədək xarici valyutanın satışı qaydasının qüvvədə qaldığını bildirsələr də, kassada dolların az olduğunu əsas gətirərək bir müştəriyə 1000 dollaradək satış həyata keçirirlər.
Filial şəbəkəsi geniş olan banklardan biri naharadək qaydalara uyğun xarici valyuta satışı həyata keçirib, nahardan sonra isə satış dayandırılıb. Müştərilərə Dollar almaq üçün sabah filiala yaxınlaşmaları lazım olacağı bildirilib.
Bir sıra banklar isə "Dollar yoxdur" deyərək ümumiyyətlə satış həyata keçirmirlər.
Mərkəzi Bank isə valyuta hərracında bankların tələbinin tam ödənildiyini bildirir. Əgər bankların tələbi tam ödənilirsə dollar satışında limit tətbiq edilməməli idi.
Qeyd edək ki, bu gün bank filiallarında bayramdan öncəki şəkildə sıxlıq müşahidə olunmayıb.
Bu gün Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, 29 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilmişdir. Hərracda tələb 106,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.