Azərbaycanda banklarla bağlı məhkəmə qərarlarının icra vəziyyəti və bu sahədəki süründürməçilik Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəhbərliyi arasındakı görüşdə müzakirə olunub.
FED.az xəbər verir ki, fevralın 1-də Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəhbərliyi ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti arasında görüş keçirilib.
Görüşdə Nazirliyin İcra baş idarəsinin Rəisi - Baş icra məmuru Nurəddin Mustafayev, baş idarənin digər rəhbər şəxsləri, ABA-nın prezidenti Zakir Nuriyev, ABA-nın Rəyasət Heyətinin üzvləri iştirak ediblər.
Eləcə də bax: Azərbaycanda məhkəmə qərarlarının yarısı - İCRA EDİLMƏYİB
Görüş zamanı icra prosesinin təkmilləşdirilməsi, icrada olan işlərin icrasının sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, ABA üzvlərinin təklifləri İcra baş idarəsinin rəhbərliyi ilə müzakirə edilib.
Görüşdə İcra baş idarəsi tərəfindən “Elektron icra” informasiya sistemi haqqında təqdimat keçirilib, icra prosesinin rəqəmsal texnologiyalardan istifadə etməklə təkmilləşdirilməsi və asanlaşdırılması üzrə görülmüş və qarşıda duran işlər, habelə hazırlanmaqda olan icra sahəsində vahid normativ hüquqi aktın – “Azərbaycan Respublikasının İcra Məcəlləsi”nin layihəsi barədə məlumat verilib.
Görüşün sonunda müzakirə edilmiş məsələlər üzrə davamlı işlərin aparılması və icra sənədlərinin icrasının sürətləndirilməsi istiqamətində birgə fəaliyyətlə bağlı fikir birliyinə gəlinib.
Eləcə də bax: Məhkəmə sistemini silkələyəcək yenilik – YENİ İCRA QURUMU YARADILA BİLƏR