Mərkəzi Bankın uçot dərəcəsini dəyişməsi barədə qərarı və maliyyə sektorundakı vəziyyət ölkə banklarını kreditəşməin artırmağa və faizləri aşağı salmağa vadar edəcək.
FED.az xəbər verir ki, bunu maliyyə analitiki Cəfər İbrahimli Mərkəzi Bankın uçot dərəcsini endirməsi ilə qərarını şərh edərkən deyib. O bildirib ki, bütün hallarda faizin aşağı olması ölkə iqtisadiyyatının inkişafı üçün müsbət tendensiyadır.
C.İbrahimli deyir ki, ilk növbədə uçot dərəcəsinin niyə bu həddə gəldiyinə baxmaq lazımdır:
“Mərkəzi Bank devalvasiya dönənimdə manatın uçot dərəcəsini yuxarı qaldırdı ki, iqtisadi subyektlər, banklar və vətəndaşlar vəsaitlərini daha gəlirli olduğu üçün manatda saxlasınlar. Ona görə də bazarda əmanətlərin faiz hədləri yüksəldi. Yığımların dollar alışına deyil, manatda investisiya olaraq saxlanmasını istəyirdi. Bu, bir müddət sonra bazarda öz təsirini göstərdi. Sonrakı halda Mərkəzi Bank uçot dərəcəsini endirmədi, çünki bunun ardınca infilyasiya gəldi. İnfilyasiya da gəldiyi üçün Mərkəzi Bank bu sərt pul siyasətini izləyərək, mümkün qədər istehlaka vəsaitin xərclənməməsinin qarşısını almaq istəyirdi ki, infilyasiya daha da inkişaf etməsin.”
İqtisadçı hesab edir ki, uçot dərəcəsi aşağı salındığı təqdirdə banklar, sığorta şirkətləri və digər iqtisadiyyat subyektləri vəsaitlərini Mərkəzi Bankın və dövlətin qiymətli kağızlarında saxlayacaqlar:
“Azərbaycanda infilyasiya tələb qaynaqlı deyil, maliyyə qaynaqlı olduğu üçün Mərkəzi Bankın bu siyasəti infilyasiyanı tənzimləməyə çox da yetərli olmadı. Amma indiki halda bu ildən etibarən infilyasiyanın müəyyən qədər tənzimlənəcəyi də gözlənilir. İqtisadiyyatın böyüməyə keçməsi, maya dəyərinin aşağı düşməsi və bankların iqtisadiyyatı maliyyələşdirməsi üçün Mərkəzi Bank məcburən uçot dərəcəsini aşağı saldı. Uçot dərəcəsi aşağı salındığı təqdirdə banklar, sığorta şirkətləri və digər iqtisadiyyat subyektləri vəsaitlərini Mərkəzi Bankın və dövlətin qiymətli kağızlarında saxlayacaqlar. Çünki bunun gəlirliliyi yüksəkdir.”
Uçot dərəcəsinin enməsi ilə likvid maliyyə alətlərinin gəlirliliyi aşağı düşəcək, banklarda likvidlik yüksələcək:
«Artıq Mərkəzi Bank uçot dərəcəsini endirdikdən sonra istər-istəməz bu likvid maliyyə alətlərinin gəlirliliyi aşağı düşəcək, banklarda likvidlik yüksələcək, banklar bu dəfə artıq vəsait satmaq üçün məcburən bazara uyğun kreditləşməyə keçmək məcburiyyətində qalacaq. Bu tendensiya da istər-istəməz faizlərin enməsinə və iqtisadiyyatın kreditləşməsinə xidmət edəcək. Yəni banklar məcburən krediti satmağa çalışacaqlar. Krediti də satmaq üçün bugünkü bankların tətbiq etdikləri faiz çox yuxarıdır. Həmin qərar da Azərbaycanda faizin enməsinə kömək edəcək ki, bu da bankların iqtisadiyyatı maliyyələşdirmə mexanizmini təmin edə bilər.
Nisbi stabilliyin təmin olunduğu qənaətinə gəldikləri üçün faizi endirdilər. Bütün hallarda faizin aşağı olması ölkə iqtisadiyyatının inkişafı üçün müsbət tendensiyadır».
Banklar məcburən kredit faizlərini azaldacaqlar - EKSPERT
16:27
12 Fev 2018