2026-cı ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz gəlirləri 140,6 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26 milyon manat və ya 15,6% azalma deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir.
Bankların qeyri-faiz gəlirlərinin strukturunda yeganə artım göstərən maddə hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri olub. Bu maddə üzrə gəlirlər bir ildə 1 milyon manat (3,1%) artaraq 33,3 milyon manata çatıb.
Bunun əksinə olaraq, digər bütün əsas qeyri-faiz gəliri mənbələrində azalma müşahidə olunub. Ən kəskin azalma digər qeyri-faiz gəlirləri maddəsində qeydə alınıb. Bu istiqamətdən daxilolmalar bir ildə 20,2 milyon manat (19%) azalaraq 86 milyon manata enib.
Həmçinin, bankların xarici valyuta əməliyyatlarından (məzənnə dəyişməsi daxil olmaqla) əldə etdiyi xalis gəlir 6,4 milyon manat (23,1%) azalaraq 21,3 milyon manat təşkil edib.
Bankların onsuz da kiçik həcmli olan qiymətli kağızların satışı üzrə gəlirləri də azalaraq 400 min manatdan 100 min manata (və ya 300 min manat) düşüb.
Xatırladaq ki, əvvəlki ilin eyni dövründə (2025-ci ilin yanvar ayında) bankların ümumi qeyri-faiz gəlirləri 166,6 milyon manat, o cümlədən komisyon gəlirləri 32,3 milyon manat, valyuta gəlirləri 27,7 milyon manat, digər qeyri-faiz gəlirləri isə 106,2 milyon manat təşkil edirdi.












