Azərbaycanın məhkəmə praktikası tarixində ilk dəfə olaraq vətəndaşın müflis elan edilməsi barədə qərar qəbul edilə bilər. FED.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas vəkil Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, yanvarın 23-də Ali Məhkəmə vətəndaşın özünü müflis elan edib-etməməsi barədə qərar verəcək: «Yanvarın 23-də saat 11.00-da hakim Vəfaddin İbayevin sədrliyi ilə vəkili olduğum vətəndaşın özünü müflis elan edə bilməsi hüququna malik olub-olmaması haqda kassasiya şikayətinə baxılacaq. İlk iclas yanvarın 9-da oldu, lakin məhkəmə məsələnin araşdırılması üçün iki həftəlik fasilə götürdü. Bakı Apellyasiya Məhkəməsi hesab etmişdir ki, yalnız fərdi sahibkar özünü müflis elan edə bilər və guya adi fiziki şəxs bu hüquqa malik deyil. Əslində, 2015-ci ilin oktyabrında “Müflisləşmə və iflas haqqında” Qanuna edilmiş düzəlişə əsasən hər hansı şəxs özünü məhkəmə qaydasında müflis elan edə bilər. “Banklar haqqında” Qanun da bunu təsdiqləyir: belə ki, həmin Qanunun 1.0.19-cu və 57-10.6-cı maddələrinə görə bankın inzibatçısı, yəni fərdi sahibkar olmayan fiziki şəxs müflis elan edilə bilər.
Azərbaycan məhkəmələri tərəfindən Qanunda birmənalı təsbit edilən və sivil dünyada çoxdan bərqərar olmuş insanın müflislik hüququnun tanınmamasının yalnız bir səbəbi var: bankların təsiri, lobbiçiliyi! Borclu vətəndaşların xeyli hissəsi faktiki müflisləşsə də, banklar və qanunsuz fəaliyyət göstərən kollektorlar onlardan əl çəkmir və müxtəlif vasitələrlə onlara təzyiq edir ki, nəyin bahasına olursa olsun (dilən, özünü sat, evini sat və s. və i.a.), pul tapıb krediti bağlasınlar. Ümid edirəm ki, sabah Ali Məhkəmə bankların maraqlarını deyil (axı necə olur ki, insanlara borclu olan bank müflis ola bilər, amma banka borclu olan insan müflis ola bilməz?), qanunu və insan haqlarını rəhbər tutacaq. Əks halda, Konstitusiya Məhkəməsinə müraciət edəcəyik».
Qeyd edək ki, vətəndaşın müflis elan edilməsi onun bütün borclarının silinməsi deməkdir. Özü də bu zaman həmin vətəndaşın sonrakı fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Bəzi xarici ölkələrdə belə məhdudiyyətlər nəzərdə tutulsa da (bankdan kredit götürülmə, bizneslə məşğul olma və s.) Azərbaycan qanunvericiliyində belə bir məhdudiyyət yoxdur. Başqa sözlə, belə vəziyyətdə vətəndaşın müflis elan edilməsi onun banka olan borcunun avtomatik silinməsi imkanıdır. Yeri gəlmişkən, artıq sosial şəbəkələrdə bəzi istifadəçilər bildirib ki, belə qərar qəbul edilərsə, onlar da özlərini müflis elan etmək niyyətindədirdər. Məhz ona görə, Əkram Həsənov bildirir ki, banklar belə qərarın qəbul edilməsinin əleyhinədirlər.
Eləcə də bax: Müflisləşmə bədbəxtlik yox, əksinə, faydalıdır – BİZNES TARİXİ - I HISSƏ
Eləcə də bax: Müflisləşmə faciə yox, faydalı imiş - BİZNES TARİXİ - II HISSƏ
Banklar Ali Məhkəmənin bu qərarını gözləyir – SABAH VERİLƏCƏK
09:23
22 Yan 2018