Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
Bankdan FED.az-a bildiriblər ki, noyabrın 12-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 232,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76 təşkil edib.
Başqa sözlə, 350 milyon manatlıq depozit təklifinə bundan 3,5 dəfə artıq tələbat olub.
İllik 7,76% gəlir gətirən derozitə tələbatın belə böyük olmasının səbəbi, banklarda yaranmış həddən artıq böyük izafi likvidlikdir.
Belə ki, 2018-ci il oktyabrın 1-ə olan tarixə ölkənin bank sektorunun cəmi aktivləri 29,2 milyard manat olduğu halda, ölkə ürə kredit portfeli cəmi 11,9 milyard manatdır. Başqa sözlə, banklar aktivlərinin cəmi 40%-ni dövriyyəyə buraxa bilirlər.
İqtisadiyyatda kredit tələbatının və keyfiyyətli müştərilərin az olması banklara bu artıq likvidliyi reallaşdırmağa imkan vermir.
Nəticədə «depozit hərracı» kimi alətlər banklar üçün «gəlir nəfəsliyi»nə çevrilib.
Banklar 7,76%-ə razılaşıblar
12:45
12 Noy 2018