Xəbər verildiyi kimi, Rusiyanın ədliyyə nazirliyi daha bir məşhur şəxsi - məşhur biznesmen və «Tinkoff» onlayn bankının yaradıcısı Oleq Tinkovu «xarici agent» elan edib
FED.az xəbər verir ki, Rusiya hökumətinin açıqladığı məlumata görə, xaricdə yaşayan iş adamı Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin (Rusiya hökuməti bunu müharibə deyil Xüsusi Hərbi Əməliyyat adlandırır) əleyhinə çıxıb, eləcə də Rusiya rəhbərliyinin qərarları ilə bağlı düzgün olmayan məlumatlar yayıb.
Tinkovun xarici agent elan edilməsindən sonra diqqəti cəlb edən məsələ bu qərarı iş adamının yaratdığı onlayn bank «Tinkoff Bank»a və onun müştərilərinə təsiridir.
Xatırladaq ki, Oleq Tinkov 2006-cı ildə «TCS Group Holding PLC» və «Tinkoff Kredit Sistemləri» şirkətlərini yaradıb. Sonradan bu qurum «Tinkoff» bankına çevrilib. Öz biznesini Rusiyada inkişaf etdirək iş adamı 2022-ci ildə biznesini sataraq xaricə köçüb.
Tinkovun «xarici agent» elan edilməsindən bir gün əvvəl «Tinkoff» bankı loqotipini dəyişib. Şirkətdə bu dəyişikliyi «brendin inkişafı» ilə izah ediblər.
Bəs Tinkovun «xarici agent» elan edilməsi «Tinkoff» bankın müştərilərinə necə təsir edəcək?
Rusiyada qanuna görə, əgər şəxs «xarici agent» elan edilibsə, bu onun biznesinin müştərilərinə hər hansı təsir etməməlidir. Üstəlik hazırda bu bank Tinkovun özünə məxsus deyil – o 2022-ci ildə Rusiyadan gedəndə bütün biznesini satıb.
«Tinkoff» bankdan bildirilib ki, hazırda Oleq Tinkov bankda heç bir vəzifə tutmur və «Tinkoff Qrupu»na heç bir aidiyyatı yoxdur. Ona görə də, «narahat olmağına dəyməz, bankın müştəriləri üçün heç bir risk yoxdur».