"VTB Bank (Azerbaijan)" ASC 2019-cu ildə müştəri bazasının artdığını qeyd edir.
Eləcə də bax: Bank rəhbəri: «Keyfiyyətli müştəri - QITLIĞI VAR»
FED.az xəbər verir ki, “Ötən il bankın fəal müştərilərinin sayı 10%-dən çox artıb. Korporativ biznes seqmentində daha fəal dinamika qeyd olunur, burada artım 17% təşkil edib”, - bankın İdarə Heyətinin sədri Yevgeni Kirin çərşənbə günü Bakıda mətbuta konfransında bildirib.
O qeyd edib ki, ötən ilin yekunları üzrə bank həmçinin plastik kartların sayının və internet-bankinq istifadəçilərinin sayının artımına nail olub.
“Həmçinin plastik kartların emissiyasının artmasını qeyd etmək istərdim. Burada əsas artım pərakəndə biznesdə müşahidfə olunub, buna baxmayaraq, korporativ biznes üçün məhsullarda müəyyən dəyişikliklər həyata keçirəcəyik və bu prosesi 2020-ci ildə də davam etdirəcəyik. Ötən ilin yekunları üzrə kartların emissiyası 45%, internet-bankinq istifadəçilərimizin sayı isə - 86% artıb”, - Kirin qeyd edib.
O əlavə edib ki, internet-bankinqin inkişafı bankın strateji vəzifələrindən biridir, çünki "VTB Bank (Azerbaijan)" distant kanalları müştərilərə xidmət sahəsində prioritet qismində nəzərdən keçirir.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.