Bank “BTB” ASC maliyyə göstəricilərində müşahidə olunan müsbət dəyişiklikləri qeyd edərək, 3-cü rüb üçün maliyyə göstəricilərini açıqladı.
FED.az-a bankdan daxil olan məlumata görə, bank 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) 4 milyon manat xalis mənfəət ilə başa vurub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 1 milyon 817 min manat və ya 83 % artıb. Nəticədə Bank BTB 2019-cu ilin 9 ayını 3 milyon 999 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ilin 9 ayının nəticələrinə əsasən Bank “BTB” ASC-nin aktivləri 311 milyon 957 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.03 %-ə yaxın artım deməkdir.
Eləcə də bax:Banklar 3 rübü necə başa vurdu - MƏNFƏƏT- ZƏRƏR - SİYAHI
Qeyd edək ki, dövr ərzində əmanətlərdə 3% artım qeydə alınıb və nəticə etibarilə əmanət portfeli 119 milyon 549 min manatadək yüksəlib.
Bank BTB-nin faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 121 min manat artaraq 16 milyon 25 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 608 min manat təşkil edib.
2019-cu ilin növbəti rübü üçün digər müsbət göstərici bank müştərilərinin sayının 24% artmasıdır.
Daim müştərilərinə sərfəli şərtlərlə kreditləşmə imkanı təqdim edən Bank BTB, yanvar-sentyabr 2019-cu il tarixləri arasında müştərilərinə kredit verməkdə davam etmiş və nəticə etibarilə dövr ərzində kredit portfelini 23% artıraraq ümumi kredit portfelini 217 milyon 675 min AZN-dək yüksəltmişdir. Yeni inkişaf strategiyasına əsasən Bank BTB müştərilərə rəqabət qabiliyyətli məhsullar təklif etməklə istehlak, mikro və KOS sahəsində payını daha da artıraraq, bazarda öz mövqeyini gücləndirmək üzərində çalışır.
Bank BTB korporativ bankçılıq sahəsində də fəaliyyət dairəsini genişləndirməkdə davam edir. Belə ki, bank fiziki şəxslərlə yanaşı, korporativ müştərilərinə təqdim etdiyi xidmət və məhsulların çeşidi genişləndirərək, bir çox əməliyyatların dövriyyəsinin artmasına da müsbət təsir göstərmişdir. Statistikaya əsasən, son 9 ay ərzində Bank BTB-nin bütün növ ödəniş kartları üzrə ümumi dövriyyəsi 98 milyon AZN (keçən ilin eyni dövri ilə müqayisədə 59,4 % artım) həcmini ötüb.
Qeyd olunan görstəricilərlə yanaşı Bankın açıqladığı maliyyə hesabatına əsasən ani likvidlik əmsalı 3-cü rüb ərzində 7% artaraq 53%-ə çatmışdır.
Bankın ən əsas aktivləri, yəni Bank BTB-nin işçilərinin sayı ilin əvvəlindən 8% artmışdır. Bu, bankın yeni strateji inkişaf planına uyğun olaraq komandanın böyüməsinin göstəricisdir.
Qeyd edək ki, hal hazırda Bank “BTB” ASC 13 filial, 3 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.
Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.