"Bank VTB"-nin İdarə Heyəti sədrinin müavini Mixail Osiyevski tutduğu vəzifədən azad olunub. Rusiyanın baş naziri Dmitri Medvedyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
D.Medvedyevin başqa sərəncamı ilə M.Osiyevksi "Rostelekom" dövlət telekommunikasiya korporasiyasının prezidenti vəzifəsinə təyin olunub.
Artıq baş nazir M.Osiyevskini qəbul edib və ona fəaliyyətində uğurlar arzulayıb: "Mən indi "Rostelekom"un Direktorlar Şurasının üzvlərinin toplanması ilə bağlı göstəriş verəcəyəm. Direktorlar Şurasının üzvləri yeni təyinatla bağlı müvafiq qərarları verəcək. Biz artıq sizinlə görüş keçirmişik və bəzi müzakirələr aparmışıq. Lakin mən bir daha dəqiqləşdirmək istəyirəm ki, siz bu məsuliyyətli vəzifədə öz işinizi necə quracaqsınız?"
M.Osiyevski isə qeyd edib ki, yeni təyin olunduğu vəzifə doğrudan da olduqca məsuliyyətlidir: "Bu şirkət telekommunikasiya sahəsinin əsasını təşkil edir. Bizim göstərdiyimiz xidmətlərin nə qədər müasir və əlçatan olmasından vətəndaşlarımızın yaşayışının keyfiyyəti, "ağıllı və rəqəmsal iqtisadiyyat"ın yaradılması asılıdır".
Qeyd edək ki, M.Osiyevski eyni zamanda "Bank VTB (Azərbaycan)" ASC-nin Müşahidə Şurasının sədridir. O "Bank VTB"-də 2012-ci ildən fəaliyyət göstərir.
Belə çıxır ki, yeni vəzifəyə təyinatla əlaqədar M.Osiyevski bankir kimi fəaliyyətinə son qoyacaq. Beləliklə, avtomatik olaraq o "Bank VTB (Azərbaycan)" ASC-nin Müşahidə Şurasının sədri kimi də fəaliyyətini dayandıracaq.