“Bank VTB Azərbaycan” ASC bu ilin I yarısını 1,5 milyon manat mənfəətlə başa vurub.
Eləcə də bax: Azərbaycanda daha bir bank yarım ili – ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT
FED.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 67,2% azdır.
Yanvar-iyun aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 5,4 milyon manat (illik müqayisədə 16,8% az), xərcləri 8,8 milyon manat (4,6% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 5 milyon manat (33,5% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
İlk yarım ildə “Bank VTB Azərbaycan”ın faiz gəlirləri 4,1 milyon manat, faiz xərcləri 1,3 milyon manat, qeyri-faiz gəlirləri 1,28 milyon manat, qeyri-faiz xərcləri isə 7,5 milyon manat olub.
Bu il iyulun 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 168,5 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 7,1% çoxdur. Bunun 70,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 13,6% böyüyüb.
Bu dövrdə bankın qiymətli kağızlara yatırımları 5 milyon manat azalaraq 19 milyondan 14 milyon manata enib.
Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri ilin əvvəli ilə müqayisədə 10,1% artaraq 106,9 milyon manata, o cümlədən depozit portfeli 4,1% artaraq 61,4 milyon manata çatıb.
Bankda fiziki şəxslərin depozitləri 33,4 milyon manat, hüquqi şəxslərin depozitlərii isə 17,2% artaraq 28 milyon manata çatıb.
İlin əvvəlindən bəri bankın balans kapitalı isə 2,3% artaraq 61,7 milyon manata çatıb.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.