Azərbaycanda Rusiya kapitalı ilə fəaliyyət göstərən «Bank VTB Azərbaycan» ilin ilk yarım ili üzrə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, ilk yarım ildə bankın faiz gəlirləri 4 milyon 174 min manat, faiz xərcləri 2,6 milyon manat olmaqla, xalis faiz gəliri 1,5 milyon manat təşkil edib.
Bu dövrdə bankın qeyri faiz gəlirləri 2,3 milyon manat, qeyri-faiz xərcləri 7,6 milyon manat təşkil edib. Nəticədə ilk yarım ildə bankın əməliyyat zərəri 3 milyon 773 milyon manat təşkil edib.
Bu dövrdə «VTB Bank Azərbaycan» aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalardan 8,5 milyon manat geri çəkib. Nəticədə bank ilk 6 ayı 4,7 milyon manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, birinci rübün yekunları üzrə bankın xalis mənfəəti 1,493 milyon manat idi.
Bu dövrdə bankın bütün əsas göstəricilərində ciddi artım baş verib. Belə ki, ilk yarım ilin nəticəsi olaraq «VTB Bank Azərbaycan»ın aktivləri 144 milyon 430 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə (125 milyon 206 min manat idi) müqayisədə təqribən 20 milyon manat və ya 15,3% artıqdır.
Bankın öhdəlikləri də 14 milyon manat və ya təqribən 20% artaraq 70 milyon 163 min manatdan 84 milyon 57 min manata yüksəlib.
Cəmi kapital isə 5 milyon manatdan çox artaraq 55 milyon 43 min manatdan 60 milyon 373 min manata yüksəlib.