Rusiyanın ikinci böyük bankı olan VTB-yə (aktivləri 221 mlrd. dollar, 2016-cı il üzrə xalis mənfəəti 915 mln. dollar) daxil olan "Bank VTB (Azərbaycan)" ASC Beynəlxalq maliyyə hesabatları standartları (BMHS) üzrə ötən ilə olan hesabatını dərc edib.
Bankdan verilən məlumata görə, 2016-cı ilin yekununa əsasən "Bank VTB (Azərbaycan)"-ın məcmu aktivləri 271,6 mln. manat, o cümlədən kredit portfeli 195 mln. manat təşkil edib. Bankın passivləri maliyyə institutları tərəfindən verilmiş vəsaitlər, həmçinin fiziki və hüquqi şəxslərin hesablarındakı vəsaitlərinin qalığı hesabına formalaşıb.
Birinci və ikinci dərəcəli kapitalının adekvatlıq əmsalı 2016-cı ildə 5% və 10%-lik normativə qarşı müvafiq olaraq 25,6% və 35,1% təşkil edib. 2016-cı ildə inkişaf strategiyası çərçivəsində banka səhmdarları tərəfindən əlavə vəsait ayrılıb.
Hazırda bankda 2017-2019-cu illər üzrə strategiya reallaşır. Kreditləşmə ilə yanaşı, bankın əsas fəaliyyət istiqaməti müasir informasiya texnologiyalarından istifadə edərək tranzaksiya biznesinin inkişafıdır. Bu səbəbdən korporativ biznesin prioritetlərindən biri Rusiya və Azərbaycan biznesləri arasında aparılan hesablaşmalarda bankın fəal iştirak etməsidir. Bank tərəfindən müasir informasiya texnologiyalarının tətbiqi həmçinin əhalinin maliyyə xidmətlərindən daha rahat istifadəsinin təmin edilməsinə yönəlib.
Strategiyada qoyulan məqsədlərə çatmaq üçün bankın kapitalının gələcəkdə də artırılması nəzərdə tutulur. Hazırda qrupun korporativ prosedurları çərçivəsində müvafiq işlər həyata keçirilir.
2016-cı ildə bu strategiyanın reallaşması məqsədilə bank qrupun prioritetlərini nəzərə alaraq müasir iqtisadi şəraitdə çalışan yeni komanda formalaşdırıb.
Yeni layihələrin reallaşması ilə yanaşı bank fiziki və hüquqi şəxslərin öhdəliklərinin restrukturizasiyası üzrə işini davam etdirib. "Bank VTB (Azərbaycan)" borclu müştəriləri üçün müasir şərtlərə uyğun müvafiq təkliflər hazırlayaraq təqdim edib.