2016-ci ildə fəaliyyəti dayandırılmış ən böyük özəl banklardan biri – «Bank Standard»ın əmanətçilərinin bir hissəsi yenidən əmanət alacaqlar.
FED.az xəbər verir ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklarda 10 min ABŞ dollarına (17 min manata) qədər qorunmayan əmanəti olan fiziki şəxslərin pulunu ilk növbədə qaytaracaq. Fond bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib. Öz növbəsində məhkəmə, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verib.
Eləcə də bax: Azərbaycanda evdə oturub - BANK HESABI AÇMAQ – YENİLİK - QAYDALAR, MƏBLƏĞLƏR
Bu yenilikdən ən çox faydalananlardan biri «Bank Standard»ın əmanətçiləridir. Bankın Kreditorlar Komitəsinin sədri Şahin Əhmədov FED.az-a bildirib ki, «Bank Standard»da 10 min dollara (17 min manat) qədər qorunmayan əmanəti olan 16 500 nəfərə konpensasiya veriləcək. Bu vətəndaşlara qaytarılacaq əmanətlərin ümumi məbləği 6 mln 550 min manat təşkil edir.
Qeyd edək ki, bankın əmanətçilərinin ümumi sayı 43 500 nəfərdir.