Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının (DŞ) qərarı ilə "Bank Standard" QSC-nin lisenziyasının ləğv olunması "Standard Insurance" ASC-nin fəaliyyətinə heç bir təsir göstərməyəcək. Bunu şirkətin İdarə Heyətinin sədri Aydın Rəhmanov deyib.
Onun sözlərinə görə, son aylar "Bank Standard"dakı məlum vəziyyətlə əlaqədar rəhbərlik etdiyi şirkət bazarda öz gücünə fəaliyyət göstərib, toplanmış sığorta haqlarında Bankın payı olmayıb: "Odur ki, "Bank Standard"ın bağlanmasının "Standard Insurance"in işinə heç bir təsiri ola bilməz".
A.Rəhmanov onu da deyib ki, hazırda şirkətin təsisçisi olan "AB Standard" QSC yeni biznes strategiyası üzərində işləyir və son nəticədə "Standard Insurance" gələcəkdə də bazarda "Bank Standard"sız qala biləcək.
Xatırladaq ki, MBNP "Bank Standard"ın lisenziyasını sentyabrın 30-da ləğv edib. Bu münasibətlə keçirilmiş mətbuat konfransında qurumun rəhbəri Rüfət Aslanlı bəyan edib ki, “Standard İnsurance”in rəhbərliyi bazarda “Bank Standard”sız qalmasına imkan verən strategiya üzərində düşünməli, biznesə baxışını dəyişməlidir: "Ümidvarıq ki, şirkət yeni vəziyyətə uyğun strategiyasını bizə təqdim edəcək”.
Report©