Ali Məhkəmə «Bank Standard»ın ləğv planı ilə bağlı bankın Kreditorlar Komitəsinin iddiası üzrə qərar qəbul edib. FED.az xəbər verir ki, hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə Ali Məhkəmə ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinin şikayətini qismən təmin edib.
Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadı qismən, 2018-ci ilin I rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 3.8, 4.1, 4.2-ci bəndlərinin və 2018-ci ilin II rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 4.1, 4.2-ci bəndlərinin təsdiq edilməsi hissəsində ləğv edilib, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib.
Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov bildirib ki, Ali Məhkəmənin bu qərarı ölkə tarixində ilk hadisədir: «Ləğv Planları ilə bağlı əvvəllər də şikayət versəm də, təsdiq edilmirdi. Nəhayət, Kreditorlar Komitəsinin sədri qismində son şikayətim təmin edildi (qərarın tam mətni ilə məqalənin sonuda tanış olmaq mümkündür – FED.az).
Ə.Həsənov bildirir ki, bu qərar əslində Əmanətlərin Sığortalanması Fondunun düzgün işləməməsinin təsdiqidir: «Artıq 2019-cu ilin ikinci yarısıdır, amma “Bank Standard”ın isə heç ötən il üzrə təsdiqlənmiş Ləğv Planı yoxdur. Çünki Fondun tərtib etdiyi həmin Planda xeyli savadsız və qanunsuz müddəalar var. Faktiki olaraq, Fond kreditorlar üçün deyil, bizə məlum olmayan məqsədlər üçün çalışır. İndi təsəvvür edin ki, Kreditorlar Komitəsi olmayan və ya passiv olan ləğv edilən banklarda hansı proseslər baş verir»-deyə ekspert bildirir.
Qərar qəbul edilərkən Ali Məhkəmə qeyd edir ki, apellyasiya məhkəməsi “iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər ilə bağlı məsələyə və müsbət xalis aktivlər ilə bağlı məsələyə yenidən qiymət verməlidir».
Ə.HƏsənov xüsusi vurğulayır ki, ləğv prosesində olan bankların əmlakını idarə edən Fond bunun üçün çəkilən xərcləri göstərmir, halbuki bu xərclər həmin bankların hesabına çəkilir. Maraqlıdır ki, Ləğvetmə Planında Fond bankın xalis aktivlərə malik olduğunu göstərir (halbuki, müflis bankın xalis aktivi ola bilməz). Ali Məhkəmə buna da diqqət yetirib.
Əkrəm Həsənovun sözlərinə görə, Ali Məhkəmənin bu qərarı təkcə «Bank Standard»a deyil, digər banklara da aid olacaq: «Bu qərar mühüm presedentdir: deməli, kreditorlar ləğvedici olan Fondun fəaliyyətini mübahisələndirə və uğur qazana bilər. Əslində, Fondu düzgün işləməyə vadar etməyin yeganə yolu budur. Kreditorlar bilməlidir ki, pullarının mühüm hissəsini qaytarmaq istəyirlərsə yalnız bu yolla getməlidirlər».
Al Məhkəmənin qərarı göstərir ki, bundan sonra həm “Bank Standard”ın, həm də digər müflis bankların kreditorları bu üsula üstünlük verməlidirlər:
«Fondu məcbur etmək lazımdır ki, müflis bankların:
1) əmlakını tez və baha satsın, yəni (pərdəarxası sövdələşmələrə getməsin);
2) verdiyi kreditləri tez və tam qaytarsın (əsassız və pərdəarxası güzəştlər etməsin);
3) bütün bunlara az xərc çəksin və bütün xərcləri üzrə tam hesabat versin (müflis banklardan qohum-əqraba və dost-tanış üçün yem yeri kimi istifadə etməsin)».