Ləğv prosesində olan "Bank Standard"ın müflis olmasına və banka dəyən zərərə görə, məhkəməyə veriləcək şəxslər açıqlanıb. Bankın Kreditorlar Komitəsinin sədri, tanınmış hüquqşünas Əkrəm Həsənov FED.az-a bildirib ki, bununla bağlı qərar son iclasında qəbul edilib və məhkəməyə veriləcək şəxslərin ilkin siyahısı da var.
Siyahıya görə, "Bank Standard"ın batmasına bu vəya digər dərəcədə aidiyyatı olan bütün hüquqi və fiziki şəxslər məhkəməyə veriləcək. Məhkəməyə veriləcək hüquqi şəxslər Azərbaycan Mərkəzi Bankı (AMB), Maliyə Bazarlarına Nəzarət Palatası (MBNP), bankın son illər auditini aparmış «KPMG» audit şirkətidir. Fiziki şəxslərə isə AMB rəhbəri Elman Rüstəmov, vaxtilə AMB-nin kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin rəhbəri olmuş, yəni "Bank Standard"dakı proseslərə bilavasitə nəzarət etməli olan Rəşad Orucov, MBNP-nin rəhbəri Rüfət Aslanlı, "Bank Standard"ın sağlamlaşdırılmasına rəhbərlik etmiş və hazırda Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edən Xalid Əhədov, eləcə də son illər "Bank Standard"ın Müşahidə Şurası və İdarə heyətinin üzvü olmuş bütün şəxslər aiddir.
Əkrəm Həsənov bildirib ki, bankın problemləri hansı ildən başlanıbsa, həmin ildən etibarən banka rəhbərlik edənlər əhkəməyə veriləcək, hələlik bu məsələ araşdırılır, «amma dəqiqdir ki, son 5 ildə bankın Müşahidə Şurası və idarə heyətində olmuş bütün şəxslər barədə məhkəməyə müraciət ediləcək».
AMB və Palata rəhbərliyinin məhkəməyə verilməsinə gəlincə, Ə.Həsənov bildirib ki, «Banklar haqqında» qanunun 92-ci maddəsinə görə, belə hallarda həm nəzarət edici qurumlar, həm də onların vəzifəli şəxsləri məhkəməyə verilə bilər: «Biz də bu hüquqdan istifadə edəcəyik».
Komitə sədrinin sözlərinə görə, banka dəyən bütün zərərin bu qrupdan tutulması tələb ediləcək. Hələlik "Bank Standard"ın batmasında bu şəxslərin nə dərəcədə rolunun olduğu dəqiq məlum deyil, çünki hələ bu məsələ ilə bağlı bütün sənədləri əldə edə bilməmişik. Ona görə də bütün məbləği bütün qrupdan istəyəcəyik, həm də məhkəmə zamanı kimin nə dərəcədə günahkar olduğu da məlum olacaq».
AMB-nin bu barədəki sorğulara cvab vermədiyini xatırladan Ə.Həsənov ümid edir ki, "Bank Standard"ın işinin məhkəməyə araşdırılması da bütün sənədlərin və həqiqətin üzə çıxmasına imkan verəcək.
Bunnula yanaşı, hüquqşünas bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası prosesə sonradan qoşulduğuna görə "Bank Standard"ın bankın batması prosesində AMB-nin rolu daha böyük olub.
O ki qaldı bu şəxslərdən tələb ediləcək məbləğə, hələlik bu rəqəm dəqiqləşməyib. İndiyədək Əmanətlərin Sığortalanması Fondu yalnız birinci rübün nəticələrini açıqlayıb, amma fondun rəhbərliyi bildirib ki, ilin sonunadək bütün məbləği hesablayacaq.
Məhz buna görə, məhkəmədə iddiaların qaldırılması prosesinə gələn ilin əvvəlindən start veriləcək.