Azərbaycan bankları 2019-cu ildə xalis mənfəətlərini təqribən 2 dəfə artırıblar.
FED.az xəbər verir ki, ölkə bankları ötən ili 536,9 milyon manat xalis mənfəətlə başa vurublar ki, bu da 2018-ci ilin yekunları ilə müqayisədə 92% və ya 1,92 dəfə artıqdır. Xatırladaq ki, banklar 2018-ci ili 279,4 milyon manat mənfəətlə başa vurmuşdular.
FED.az xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-da bankların faiz gəlirləri 9,65% artaraq 1 milyard 922,2 milyon manat təşkil edib.
Faiz xərcləri isə 5,84% azalaraq 547,9 milyon manat olub. Nəticədə ötən il bankların xalis faiz gəliri 13,6% artaraq 1 milyard 330,3 milyon manat olub.
2019-da bankların qeyri-faiz gəlirləri 31,8% artaraq 723,7 milyon manat olub. FED.az bildirir ki, bu ölkə iqtisadiyyatında baş verən şəffaflaşma, aktivliyin artması və vergi nəzarətinin güclənməsi nəticəsində biznesin qeyri nağd dövriyyəsinin artmasının nəticəsidir. Başqa sözlə, bu il banklarda hesab açan və dövriyyələrini artıran bizneslərin sayında artım var. Bu da özünü bankların qeyri-faiz gəlirlərində göstərməkdədir.
Qeyri-faiz xərcləri isə 17,5% artaraq 1 milyard 205 milyon manata çatıb. Böyük ehtimalla bu bank əməkdaşlarının sayının artması və maaşlarının yüksəlməsinin nəticəsidir.
Nəticədə Bank sektorunun əməliyyat mənfəəti 22,2% artaraq 2018-ci ildəki 694,6 milyon manatdan, 2019-cu ildə 849 milyon manata yüksəlib.
2019-cu ildə banklara ən böyük fayda verən məqam «Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılması» üçün ayırmaların azalması olub. 2018-ci ildə banklar bu məqsədlə 345,4 milyon manat ayırmışdılar. 2019-da isə bu göstərici ikiqat azalaraq 177,3 milyon manata düşüb.
Müqayisə üçün bildirək ki, ötən il bank sistemi öz əməliyyat mənfəətinin yarıdan çoxunu məcğuri ayırmalara yönəltmişdi. İndi isə bu ehtiyat ayırmalar əməliyyat mənfəətinin 20% ətrafındadır.
Bu göstəricinin kəskin azalması banklarda problemli kreditlərin həcminin azalmasını göstərir və burada böyük rolu prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı fərmanı oynayıb.
Digər gəlirləri də nəzərə aldıqdan sonra 2019-cu ildə bank sektorunun vergiyə qədərki mənfəəti 693 milyon manata çatıb. Bu 2018-ci ilin yekunu ilə müqayisədə 97,4% və ya demək olar ki, ikiqat artıqdır.
Banklar bu il vergi ödəmələrini də iki dəfə artıraraq 2018-ci ildəki 72,3 milyon manatdan, 2019-cu ildə 156,1 milyon manata çatdırıblar.