Mərkəzi Bank 2023-cü ilin 11 ayı üzrə bank sektorunun əsas göstəricilərini açıqlayıb.
Azərbaycanda valyuta mübadiləsi fəaliyyəti üçün - KAPİTAL TƏLƏBİ QOYULDU - MƏBLƏĞLƏR
FED.az Mərkəzi Bankın bülleteninə istinadən xəbər verir ki, 30 noyabr 2023-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 474, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,042 olmuşdur.
Hesabat ayında bank sektorunda çalışanların sayı 62 nəfər azalaraq 23,354 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 46,172.5 mln. manat, cəmi öhdəlikləri 40,160.4 mln. manat, balans kapitalı 6,012.1 mln. manat olmuşdur. Noyabr ayında bankların cəmi aktivləri və balans kapitalı müvafiq olaraq 0.1% və 1.7% artmış, сəmi öhdəlikləri isə 0.2% azalmışdır.
Noyabr ayında bankların kredit portfeli 1.9% və ya 421.5 mln. manat artaraq 22,881.2 mln. manat olmuşdur. Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.3% (12,421.2 mln. manat);
ıı) istehlak kreditləri – 30% (6,869.7 mln. manat);
ııı) ipoteka kreditləri – 15.7% (3,590.3 mln. manat).
Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 174.8 mln. manat (1.4%), 118.4 mln. manat (1.8%) və 128.3 mln. manat (3.7%) artmışdır. Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 16.8% və ya 3.3 mlrd. manat artmışdır. Kredit portfelinin artımının 47.7%-i biznes, 33.9%-i istehlak, qalan 18.4%-i isə ipoteka kreditləri hesabına təmin edilmişdir.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.7%-i və ya 33,225.7 mln. manat. Depozit portfelinin 63.1%-i (20,972.2 mln. manat) hüquqi şəxslərin, 36.9%-i (12,253.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 55%-i (6,736.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16,844.4 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.3%-ni təşkil etmişdir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında ilin əvvəlinə nəzərən 5 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 4.6 faiz bəndi azalaraq 34.2% təşkil etmişdir.
2023-cü ilin 11 ayında banklar 997.4 mln. manat xalis mənfəət, 1,521.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 254.6 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.5% və ya 57.9 mln. manat daha çoxdur.