Azərbaycanda bank sektorunun ümumi kredit portfelində ən narahatedici tendensiya istehlak kreditləri seqmentində müşahidə olunur. Bu ilin iyunun 1-nə olan məlumata görə, ölkədə vaxtı keçmiş istehlak kreditlərinin (QİK) həcmi 319,6 milyon manata çatıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, son bir ildə qeydə alınan ən kəskin artımlardan biridir. Belə ki, ötən ilin eyni dövrü (iyunun 1-i, 2024) ilə müqayisədə problemli istehlak kreditlərinin həcmi 86,6 milyon manat və ya 37,2% artıb. Ötən il bu göstərici 233 milyon manat təşkil edirdi.
Aylıq dinamikaya nəzər saldıqda da artım tendensiyası aydın görünür. May ayı ilə müqayisədə problemli istehlak kreditləri 13,2 milyon manat (4,3%) çoxalıb.
Ən təhlükəli məqam isə bu növ kreditlərin ümumi istehlak kreditləri portfelindəki payının artmasıdır. Hazırda verilən hər 100 manat istehlak kreditinin 3,6 manatı artıq problemli hesab olunur. Bu göstərici həm aylıq (0,1 faiz bəndi), həm də illik müqayisədə (0,5 faiz bəndi) pisləşib. Bu, onu göstərir ki, istehlak kreditləşməsində risklər artır və banklar üçün bu seqment getdikcə daha çox “baş ağrısına” çevrilir.