24 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası, “Rabitəbank”, “AtaBank”, “Azərbaycan Beynəlxalq Bankı”, “AccessBank” və “Azərbaycan Sənaye Bankı”nın təmsil olunduğu “Müvəqqəti İşçi Qrupu”nun iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda ABA-nın əməkdaşlıq etdiyi “Ernest&Young” şirkətinin eksperti Yokub Sharafitdinov iştirak edib.
İclas zamanı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar” və “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın layihələrinə dair təkliflər müzakirə olunub.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.
Bank sektorunu tənzimləyən qaydalara dair təkliflər müzakirə olunub
17:30
24 Okt 2017