Azərbaycan hökuməti ölkədə nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı ciddi işlərə başlayıb. FED.az-ın məlumatına görə, 2018-ci ildə 3 yeni layihənin başlanması nəzərdə tutulur. Bunlar «Nağdsız Azərbaycan», «3D bank sektorunda blokçeyn texnologiyalarına keçid» və «Ani ödənişlər» proqramlarıdır.
Nağdsız ödəmələrin genişləndirilməsini hədəfləyən hər üç layihənin icrasında Mərkəzi Bank (MB) bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə fəal əməkdaşlıq aparır. MB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, bu layihələrdə dünyadakı texnoloji yeniliklərdən də istifadə edilir: «İlk layihə «Nağdsız Azərbaycan» layihəsidir.
Bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasını və innovativ ödəniş sisteminin tətbiqini özündə əks etdirən layihənin icrası beynəlxalq qurumların iştirakı ilə hazırlanıb. Proqram Prezident Administrasiyasında müzakirə edilir və yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir».
A.Quliyev qeyd edib ki, nağdsız ödənişlərin stimullaşdırılmasını nəzərdə tutan ikinci layihə rəqəmsal identifikasiya sisteminin blokçeyn platformasında yaradılması ilə bağlıdır. Hazırda qalib şirkətin müəyyənləşdirilməsi üçün tender prosesləri gedir. Azərbaycanın bank sektorunda müştəri məmnunluğunun artırılması məqsədi daşıyan layihə ilkin məhsul kimi, ilin sonunadək bank ictimaiyyətinə təqdim ediləcək.
Üçüncü layihə isə rəqəmsallaşmanı genişləndirmək üçün ani ödəniş sisteminin yaradılmasıdır. Bu sistemin tətbiqi ilə bütün iqtisadi sistemlər arasında beş-on saniyə ərzində ödənişlərin tamamlanması təmin olunacaq».
Qeyd etmək lazımdır ki, ölkədə nağdsız ödənişlərin genişlənməsi üçün tətbiq edilən bu layihələr təkcə vergidən yayınma və kölgə iqtisadiyyatının qarşısının alınmasını deyil, həm də bank sektorunun canlanmasına təkan olacaq. 10 minlərlə yeni bank hesablarının açılası, bu hesablara kçürüdən vəsaitlər və böyük nağd pul dövriyyəsinin banklara yönəldilməsi sektr üçün ciddi dəstək olmalıdır. Bu mənada yeni layihələrin tətbiqini vergi toplayanlarla yanaşı, böyük ehtimalla bankirlər də səbirsizliklə gözləyirlər.
Bank sektorunu dəyişəcək 3 layihə - Prezident Administrasiyasındadır
10:27
8 İyun 2018