Mərkəzi Bank "Statistik bülleten İyun 2025" sayını dərc edib.
FED.az xəbər verir ki, bülletendə bildirilir:
Bank sektoru
30 İyun 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 496, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,355 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 106 nəfər artaraq 26,071 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 56,734.1 mln. manat, cəmi öhdəlikləri 49,788.2 mln. manat, balans kapitalı 6,945.9 mln. manat olmuşdur. İyun ayında bankların cəmi aktivləri 0.3%, cəmi öhdəlikləri 0.2%, balans kapitalı isə 1.3% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 0.3% və ya 85.6 mln. manat artaraq 28,472.1 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.2% (15,143.7 mln. manat); ıı) istehlak kreditləri – 31.3% (8,898.3 mln. manat) və ııı) ipoteka kreditləri – 15.5% (4,430.2 mln. manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75%-i və ya 37,353.3 mln. manat. Depozit portfelinin 59.7%-i (22,292.6 mln. manat) hüquqi şəxslərin, 40.3%-i (15,060.7 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 67%-i (10,095.8 mln. manat) milli valyutada, 33%-i (4,964.9 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62.5%-i (9,408 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyun ayında 2.3% və ya 209.6 mln. manat, tələbli əmanətləri isə 2.1% və ya 116.9 mln. manat artmışdır. 2025-ci ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.9% (3,112 əmanətçi), ilin əvvəlindən isə 11.7% (17,654 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 17,048.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.5%-ni təşkil etmişdir. •2025-ci ilin yanvar - iyun aylarında banklar 576.6 mln. manat xalis mənfəət, 881 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 134.1 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin iyun ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0.5% artaraq 36,817.8 mln. manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 131.3 mln. manat artaraq 2,716.8 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq 20 milyon 642 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14.1% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 17.1% artmış, kredit kartlarının sayı isə 6.9% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3% artmışdır. 2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,375 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,058 mln. manatı POS-terminallar, 5 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 8.9%, POS-terminalların sayı 43% artmışdır.