Azərbaycanın bank sektorunda konsolidasiya gələn il ərzində davam edəcək.
FED.az xəbər verir ki, Report-un məlumatına görə, bu barədə "Accessbank" QSC-nin İdarə Heyəti sədrinin birinci müavini Anar Həsənov məlumat verib: "Bank sektoru o istiqamətdə gedir ki, banklar daha böyük olacaq. Kiçik banklar dövrü bitəcək. Bir neçə il əvvəl lider olan banklar birləşmək üçün bəlli variantlara baxır".
O həmçinin qeyd edib ki, bir neçə maliyə institutu tərəfindən payda iştirak etmək üçün təkliflər var: "Amma, bu, rəsmi formada deyil, heç bir qərar yoxdur".
A.Həsənov bildirib ki, bu ilin mart ayından sora kreditləşmədə, xüsusilə də mikrokreditlər sahəsində canlanma var: "Ortalama hər kredit mütəxəssisinə düşən kreditlərin sayı 3 dəfə artıb. Həmçinin, məbləğ də 2,5 dəfə artıb. Bu, kifayət qədər böyük rəqəmdir. Bu, birinci devalvasiyadan əvvəlki inkişafın göstəricisidir".
Bank rəsmisi əlavə edib ki, mikrokreditərin 52%-i kənd təsərrüfatına, fermerlərə verilən kreditlərin payına düşür, bu da hazırkı trendin göstəricisidir.